Ertəsi gün Bako Saakyan və Arkadi Qukasyan Paşinyanla görüşdə bəyan ediblər ki, Qarabağın statusu dəqiqləşmədən, yaxud dəqiqləşdirmə mexanizmi olmadan hansısa sazişə razı deyillər
Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibəni dayandırmaq cəhdlərindən danışıb. Onun sözlərinə görə, Qarabağda separatçıların lideri Araik Arutyunyan hələ oktyabrın 19-da ona deyib ki, müharibəni dayandırmaq lazımdır. “O bildirdi ki, bu təkcə özünün deyil, Qarabağın əvvəlki prezidentləri Arkadi Qukasyan, Bako Saakyan, eləcə də Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Serj Sakisyan və Levon Ter-Petrosyanın mövqeyidir”, – o əlavə edib.
“Artıq qərar vermişdim”
Paşinyanın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinə zəng edib, o isə deyib ki, bu, Rusiyanın təkliflərinin məntiqi əsasında edilməlidir. Yəni, status məsələsini təxirə salmaq, rayonları təhvil vermək və rus sülhməramlılarını yerləşdirmək. “O razılaşdı və danışdıq ki, mən bir də müzakirələrdən sonra zəng edim”, – Paşinyan “Facebook” səhifəsində yazıb.
O qeyd edir ki, separatçıların lideri təklifə razılaşıb, parlamentdən kənar qüvvələrə də bu haqda informasiya verib, daha sonra Təhlükəsizlik Şurasının iclasını çağırıb. İclasda parlament fraksiyalarının təmsilçiləri, prezident, katolikos da iştirak edib. “Müxalifətçilər xəbəri narazılıqla qarşıladılar, ancaq mən dedim ki, onların üzərinə hansısa məsuliyyət qoymaq istəmirəm. Sadəcə, onlara informasiya verirəm ki, elə çıxmasın, nəyisə gizli, xalqın arxasından edirəm”, – deyən Paşinyan Putinə zəng edərək razı olduğunu deyib. Putinsə bildirib ki, məsələni səhərə qədər Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edəcək, sonra onunla danışacaq.
Ertəsi gün Bako Saakyan və Arkadi Qukasyan Paşinyanla görüşdə bəyan ediblər ki, Qarabağın statusu dəqiqləşmədən, yaxud dəqiqləşdirmə mexanizmi olmadan hansısa sazişə razı deyillər.
“Amma bu vacib deyildi, artıq qərar vermişdim və işi başa çatdırmaq fikrindəydim”, – Paşinyan yazır.
“Bu halda Şuşada əhalinin 90 faizi azərbaycanlılar olacaqdı”
Onun sözlərinə görə, ertəsi gün Rusiya prezidenti ona zəng edib, İlham Əliyevin şərtlərə razı olduğunu söyləyib. Ancaq bir şərtlə ki, sülhməramlılar Dağlıq Qarabağ sərhədi boyunca deyil, faktiki təmas xətti boyunca yerləşsinlər, çünki Hadrut və Talış artıq Azərbaycanın nəzarətindədir. “Həm də Ermənistan tərəfi azərbaycanlıların Şuşaya qayıtması öhdəliyi götürsün. Buna görə də atəşkəs alınmadı, çünki dedim ki, hətta Hadrut məsələsində razılaşsam belə, Şuşanın Azərbaycana verilməsini təsəvvür etmirəm. Rusiya prezidenti azərbaycanlıların Şuşaya qayıtmasına qarşı çıxmağıma təəccübləndi. Mən arqumentlərimi gətirəndə dedi ki, məntiqidir, o, bəzi nüansları bilməyib. Problem onda idi ki, bu halda Şuşada əhalinin 90 faizi azərbaycanlılardan ibarət olacaqdı və Stepanakertə (Xankəndi) gedən yola nəzarət olunacaqdı”, – Paşinyan deyir.
Baş nazir əmindir ki, Şuşanı təslim etməyə razılaşaydı, Azərbaycan yeni şərt - Qırmızı Bazar- Şuşa yolunun Azərbaycanın nəzarətində olmasını irəli sürəcəkdi.
“Beləliklə, razılaşma əldə olunmadı. O zaman Cəbrayıl, Hadrut, yaxınlıqdakı bir neçə kənd, Füzuli, Talış itirilmişdi”, – yazan Paşinyan buna qədər artıq iki dəfə razılaşdırılan atəşkəsin iflasa uğradığını vurğulayır.
Azərbaycan hakimiyyəti indiyədək 9 noyabr atəşkəs razılaşmasının necə əldə olunmasının detallarını açıqlamayıb. İctimaiyyətə saziş noyabrın 10-na keçən gecə açıqlanıb. Sonradan yayılan ziddiyyətli (Kəlbəcər rayonunun 30 kəndinin Ermənistanda qalması və s.) informasiyalarla bağlı rəsmi açıqlama verilməyib və ölkə mediası hər dəfə Ermənistan və Rusiyadakı mənbələrə istinad etməli olub.
Xatırlatma
Rusiya Prezidenti Vladimir Putin isə noyabrın 17-də "Rossiya 24" dövlət kanalına müsahibəsində deyirdi ki, hələ oktyabrda danışıqlar zamanı İlham Əliyevi döyüşlərin dayandırılmasına inandıra bilib, amma Əliyev qaçqınların Şuşa şəhərinə qaytarılması şərtini qoyub. Putinin sözlərinə görə Paşinyan “gözlənilmədiyi halda” bu şərti qəbul etməyib. Rusiya prezidenti deyib ki, bu müharibəyə qədər Şuşanın qaytarılması məsələsi qoyulmamışdı.
Sentyabrın 27-dən noyabrın 9-dək Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər gedib. Azərbaycan 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, münaqişə tərəfləri hazırda tutduqları mövqelərdə qalırlar. Adam rayonu noyabrın 20-də, Kəlbəcər isə noyabrın 25-də Azərbaycana qaytarılıb. Dekabrın 1-dək Laçın rayonunun da Azərbaycana təhvil verilməsi nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.