Pakistanla Hindistan arasında siyasi gərginlik yenidən artmağa başlayıb. “Qafqazinfo” xəbər verir ki, Pakistan ölkəni terrora dəstək verməkdə ittiham edib.
Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi məsələ ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına üzv olan ölkələrə məlumat verib. Qeyd olunub ki, Hindistan terrorun planlaşdırılması, təşviq edilməsi, dəstəklənməsi və tətbiq olunmasında iştirak edir.
Pakistan XİN-in yaydığı məlumata əsasən, bunu sübut edən sənədlər toplanıb.
Bildirilib ki, Hindistan terror təşkilatları olan “Cemaat-ül Ahrar”, “Pakistan Talibanı” (TTP), “Belucistan Azadlıq Ordusu”na son 3 ildə 22 milyard rupilik yardım edib.
Pakistanın bu addımı bir neçə gün əvvəl Kəşmir sərhədində iki ölkə arasında yaranan atışmadan sonra baş verib.
Pakistan Müdafiə Nazirliyi Hindistanın raket hücumu nəticəsində 1 əsgər və 5 mülki şəxsin öldüyünü, aralarında qadın, uşaqların olduğu 30-da çox yaralının olduğunu açıqlayıb. Hindistan rəsmiləri isə Pakistanın hücumu zamanı 5 əsgər və 6 mülki şəxsin həlak olduğunu bildirib.