Yerevanın mərkəzində çərşənbə günü mitinqə toplaşmış minlərlə insan: "Nikol - satqın! Nikol - çıx get!" - qışqırırdı. Çərşənbə axşamına keçən gecə Qarabağda müharibənin dayandırılması haqqında razılaşma elan olunan kimi, qəzəblənmiş güruh Ermənistan hökumət və parlament binalarına hücum edib, qapı-pəncərələri dağıdıb, iş otaqlarında mebel və texnikanı sındırıb. İndi isə müxalifət hər gün baş nazir Nikol Paşinyanın istefası tələbilə mitinq keçirir.
Nümayişçi müxalifətçilərin çoxu inanır ki, həqiqətən də baş nazirin istefasına və razılaşmanın yenidən baxılmasına nail olmaq mümkündür - baxmayaraq ki, Paşinyanın və tanınmamış Dağlıq Qarabağ Respublikasının başçısı Arayik Harutyunyanın sözlərinə görə, erməni Qarabağı Azərbaycan ordusu tərəfindən qaçılmaz və sürətlə darmadağın edilməkdən bu razılaşma xilas edib.
Baş Nazir aparatının başçısı Eduard Ağacanyan və bəzi siyasi təhlilçilər nümayişçiləri xəbərdar edirlər ki, müxalifət hakimiyyəti ələ ala bilməyəcək.
Aldatmadan - şok
Ermənilərin bir çoxu Paşinyanın, müdafiə nazirliyinin rəsmisi Artsrun Hovhannisyanın və başqa yüksəkvəzifəli hərbçi və məmurların dili ilə son günədək daim təkrar edilən -cəbhədə işlər o qədər də pis deyil, düşmən böyük itkilər verir və erməni ordusu tab gətirib qalib gəlmək iqtidarındadır kimi erməni hərbi təbliğatının qurbanı olub.
Hər şeyə rəğmən, onlar özləri də buna çox inanmaq istəyirmiş.
Etirazçıların bəziləri bunu etiraf edir və Paşinyanı yalan danışmaqda günahlandırır.
"Kaş o, əsl vəziyyəti açıqlayaydı... Ancaq təbliğat əks istiqamətdə işləyirdi: biz hər zaman deyirlilər ki, hər şey yaxşıdır, hər şey normaldır. Di, ən azı, deyirdilər ki, vəziyyət nəzarət altındadır. Ermənilər nə baş verdiyini anlamırdılar, - BBC Rus xidmətinə etiraz mitinqinin iştirakçısı, gənc vəkil Albert deyir. - İndi Paşinyan bunu necə izah etsə də, bu - onun günahıdır, və o, istefa verməlidir".
Digərləri hələ də real vəziyyətlə razılaşmaq istəmir və Paşinyanı xəyanətdə ittiham edir.
"Məğlubiyyət olmayıb! Müharibə dayandırılıb, bu - məğlubiyyət deyil", - mitinqin digər iştirakçısı, ixtisasca dirijor Vahe Eğoyan inamla bəyan edir.
Tanınmamış DQR başçısı Arayik Harutyunyanın - sülh razılaşması olmasaydı, erməni Qarabağı üçün bir neçə gündən sonra hər şey məhv olardı - sözləri belə onu inandırmır.
"Bizim, son nəticədə, buna inanmamaq səbəbimiz var. Əgər 44 gün ərzində həmişə deyilib ki, qalib gəlirik, onda, üzr istəyirəm, xalq bundan sonra - biz məğlubiyyətə doğru gedirdik - bəyanatı qəbul edə bilməz", - Eğoyan izah edir.
Paşinyan Facebook-da bir-birinin ardınca video müraciətlər yayımlayır və bir daha izah edir ki, bu sülh şərtlərinə razı olmalı idik, çünki əks təqdirdə, Qarabağda erməniləri qəti və sürətli tar-mar olacaqdılar.
Müharibənin yenidən başlanmasını o adamlar istəyir ki, müharibə günləri Yerevanda daldalanıb - Paşinyan müxalifəti ittiham edir.
Lakin yerli təhlilçilər izah edirlər ki, iki il yarım hakimiyyətdə olduğu vaxtda Nikol Paşinyan bütün hakimiyyət sistemini özündə cəmləşdirib - odur ki, indi ittihamlar da tək ona istiqamətlənir.
Bəzi etiraz iştirakçıları baş naziri səlahiyyətlərini aşmaqda və konstitusiyanı pozmaqda günahlandırır.
"Bu, sadəcə, kapitulyasiyadır, və heç kəs ona belə səlahiyyət verməyib - nə xalq, nə partiya, nə ölkə prezidenti. Heç kəsin xəbəri belə olmayıb, heç kəslə müzakirə edilməyib, hər şey xalqdan gizli baş verib. Bu bəyanat Ermənistan konstitusiyası və qanunlarına zidd imzalanıb", - vəkil və hüquq müdafiəçisi Robert Hayrapetyan əmindir.
Hayrapetyan izah edir ki, onun təsəvvürünə görə, bu bəyanata əsasən, Ermənistan faktiki olaraq öz ərazisinin bir hissəsini Azərbaycana verir, belə məsələ isə, konstitusiyaya görə, yalnız referendumda həll oluna bilər.
Söhbət Azərbaycanla onun eksklavı Naxçıvan arasında, Ermənistan cənubundan keçəcəyi nəzərdə tutulan, nəqliyyat dəhlizindən gedir.
"O, sənədi xalqla məsləhətləşməmiş imzalayıb, amma vəd etmişdi ki, heç vaxt belə etməz. Əslində biz səhər oyanmışıq, Qarabağ isə artıq yoxdur!" - Robertin həmkarı Albert razılaşır.
Devirmək şansı
Paşinyanın partiyasının "Mənim addımım" fraksiyası parlamentdə səslərin üçdə ikisinə malikdir, ermənilərin çoxu isə məğlubiyyət şokunu sakit yaşayır, mitinqlərə çıxmadan.
Lakin Albert əmindir ki, etirazçıların baş naziri istefaya göndərmək şansları kifayət qədər böyükdür.
"Ona görə ki, burada, - vəkil Albert əli ilə Yerevan opera binası yanında toplaşmış bir neçə min insanları göstərir, - tək ölkədə hərbi vəziyyət və koronovirus şəraitində küçəyə çıxmağa cəsarət edənlərdir. Mən elə düşünürəm ki, gələcəkdə burada daha çox adam olacaq".
Robert Hayrapetyan etiraf edir ki, devirmək şansı böyük deyil. "Lakin bu, bizim haqqımızdı - dövlətçiliyimiz uğrunda mübarizə etmək", - o deyir.
Paşinyanın istefası Azərbaycan və həmsədrlərlə danışıqlarda elçinin dəyişməsi deməkdir, Robert Hayrapetyan mülahizə edir. Paşinyan isə, onun fikrincə, danışıqlar aparmağı bacarmır.
"Elçinin dəyişməsi isə, bizə ümid verir ki, neçə ki proses hələ bitməyib, bu razılaşmanın heç olmasa bir neçə bəndini dəyişmək olar", - vəkil deyir.
İlk növbədə, onun fikrincə, Naxçıvana dəhliz haqqında müddəanı dəyişmək, Dağlıq Qarabağın statusu haqqında müddəa əlavə etmək olar. Sülh razılaşmasında ermənilərin nəzarətində qalan Dağlıq Qarabağ ərazisinin statusu şərtləşdirilməyib.
Kənar müşahidəçilərin çoxu müxalifətin Paşinyanı devirməyə nail olacağında şübhələnir: bəli, müharibə məğlubiyyəti onun nüfuzunu xeyli sarsıdıb, ancaq əksəriyyəti "məxməri inqilabdan" əvvəl Ermənistan iqtidarında olan müxalifətçilər də heç rəğbət doğurmur.
Tanınmış erməni təhlilçisi, Regional Təhqiqatlar Mərkəzinin rəhbəri Riçard Kirakosyan ehtimal edir ki, hər halda, yaxın zamanda Ermənistanda hakimiyyət dəyişikliyi olmayacaq.
"Etirazçıların sayının azlığı, nə qədər də emosional və fəal olsalar da, müxalifətin qeyri-populyarlığı və nüfuzsuzluğu daxil olmaqla, ehtimal etməyə əsas verir ki, hökumət bu vasitəsiz təhlükənin öhdəsindən gəlməyə qadirdir", - Kirakosyan hesab edir.
Lakin uzunmüddətli perspektivdə əmin-amanlığı bərpa etmək və, ələlxüsus, islahatlara qayıtmaq Paşinyana bu yeni şəraitdə və yeni atmosferdə son dərəcə çətin olacaq, təhlilçi ehtimal edir.