"Onlar uşaq bağçasını hərbi qərargaha çevirib" - Hikmət Hacıyev

"Onlar uşaq bağçasını hərbi qərargaha çevirib" - Hikmət Hacıyev
3 Noyabr 2020
Mətni dəyiş

“Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimiz fəaliyyətini davam etdirir. Bu gün də Ermənistan silahlı qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində təxribata əl atılıb”.

Bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət tərəfindən də Azərbaycanın ərazi bütövlüyü dəstəklənir: “Bu, ölkə başçısının apardığı uğurlu diplomatik fəaliyyətin nəticəsidir”. Hikmət Hacıyev bildirib ki, Azərbaycan Prezidenti dünyanın aparıcı media orqanlarına 24-dən artıq müsahibə verib. Həmin müsahibələr zamanı Azərbaycan reallıqları dünyanın diqqətinə çatdırılıb.

Onun sözlərinə görə, Ermənistanın siyasi rəhbərliyi Prezident İlham Əliyevin bu fəaliyyətini də imitasiya etməyə çalışır: “Biz bu kimi müsahibələrdə provakativ sualları da görürük. Ancaq dövlət başçısı tərəfindən reallıqlar olduğu kimi çatdırılır”. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində olan ermənilər Azərbaycana qarşı müharibəyə təhrik edilirlər. Bu kimi açıqlamalar bütün cəhdlərə qarşı böyük bir zərbədir.

Onun sözlərinə görə, Ermənistan sülhdən danışdığı halda, danışıqlar prosesini məhv edir:

“Ermənistan silahlı qüvvələri tərəfindən mülki insanlara qarşı hücumlar davam etməkdədir. Son vaxtlar Ermənistan silahlı qüvvələri tərəfindən fosfor tərkibli silahlardan istifadə edilməyə başlanılıb". Hacıyev deyir ki, BMT-nin İnsan hüquqları üzrə ali komissarı tərəfindən Ermənistanın törətdiyi bu cinayətlərə münasibət bildirildi. Xüsusilə biz müsbət addım kimi qeyd edirik ki, onun tərəfindən verilmiş açıqlamada Azərbaycanın Bərdə şəhərində kassetli silahlardan istifadə edilməsi ilə əlaqədar olan faktlar öz əksini tapmışdır.

“Amma təəssüf hissi ilə qeyd edirik ki, onun bəyanatında Gəncə hadisələrinə toxunulmamışdır. Ermənistan silahlı qüvvələri tərəfindən böyük sayda insan tələfatına səbəb olmaq üçün məhz Gəncə şəhəri də ballistik və digər raketlərlə atəşə tutulub. Eyni zamanda onun tərəfindən ermənilərin hazırladığı saxta videoya da istinad vardır ki, bu videonun saxta olduğu Azərbaycan tərəfindən müvafiq strukturların xətti ilə təsdiq olunub”, - o vurğulayıb. Onun sözlətinə görə, Ermənistan tərəfindən qadağan olunmuş fosfor silahlardan istifadə olunur.

Onun sözlərinə görə, artilleriya atışında da ağ fosfor tərkibli mərmilərdən istifadə edirlər: “Məlumdur ki, tərkibində ağ fosfor olan silahlar insanların sağlamlığı üçün ağır fəsadlar törədə bilər. Onların bu silahlardan istifadə etməsində əsas məqsəd Azərbaycan Silahlı Qüvvələrinə və mülki insanlarına zərbə vurmaqdır. Ermənistanın bu kimi silahlardan istifadə etməməsi ilə bağlı öhdəliyi var. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistanın bu kimi silahlardan istifadə etməsinə ciddi münasibət bildirməlidir”. Hikmət Hacıyev bildirib ki, döyüş meydanında uğursuzluqla üzləşən Ermənistan tərəfindən Azərbaycana qarşı assimetrik və hibrid müharibəyə keçilməsi barədə məlumatlar daxil olmaqdadır.

“Bizdə olan məlumata görə, onlar Azərbaycana qarşı assimetrik formada müharibə aparmağı planlaşdırırlar. Bu, bilavasitə terror vasitəsilə müharibənin aparılması metodudur. Belə ki, terroru dövlət səviyyəsində dəstəkləyən dövlətlər döyüş meydanında uğursuzluqla üzləşdiyi təqdirdə onlar assimetrik və hibrid müharibələr kimi taktikalardan istifadə edirlər. Ermənistan tərəfindən Azərbaycana qarşı bu metodun istifadə edilməsi istiqamətində müxtəlif planlar və niyyətlər var”, - o vurğulayıb. Prezidentin köməkçisi bildirib ki, Ermənistan tərəfi öz cinayətlərini ötr-basdır etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin tərkibində muzdluların, hansısa üçüncü ölkənin hərbçilərinin iştirak etməsi ilə bağlı yalanlar və fantaziyalar irəli sürürlər.

Onun sozələrinə görə, Azərbaycanın muzdlulara ehtiyacı yoxdur: “Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın tapşırığını layiqincə yerinə yetirir”. O, qeyd edib ki, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi bu münaqişənin əsas səbəbidir.

Onun sozələrinə görə, Ermənistanın silahlı qüvvələrinin tərkibində özünü büruzə verən məsələlərdən biri uşaq əsgərlərin olmasıdır: “Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Ermənistan tərəfindən məktəblərin, hospitalların atəşə tutulması istiqamətində də cinayətkar əməllər yerinə yetirilir. Onlar Azərbaycanın işğal olunumuş ərazilərinin birində uşaq bağçasını hərbi qərargaha çevirib”. Daha sonra xalqa müraciət edən Hacıyev deyib ki, bəzən gözləntilərimiz də olur. Ancaq biz cəbhədə qanı, canı bahasına döyüşən əsgərlərimizin zəhmətini yüksək qiymətləndirməliyik.

Onun sözlərinə görə, Azərbaycanın rəşadətli oğulları işğal olunmuş əraziləri addımbaaddım düşməndən azad edirlər: “Əsgərlərimiz döyüş tapşırığı, onların yerləşdiyi ərazilərlə bağlı məlumatların verilməsi onların canı bahasına başa gələ bilər. Vətəndaşlarımızdan xahiş edirik ki, rəsmi mənbələrə istinad etsinlər. Ermənistan isə öz ictimaiyyətindən həqiqəti gizlədir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun