Bunu Almaniya bundestaqı “Almaniya üçün Alternativ” ifrat-sağçı qrupundan deputatların sorğusuna cavabında bildirib
Rusiyalı müxalifətçi Aleksey Navalnının zəhərləndiyi bildirilən “Noviçok” qrupundan maddənin izləri təkcə su butulkasında olmayıb, onun Tomskda qaldığı oteldə başqa əşyalarda da aşkarlanıb. Bunu Almaniya bundestaqı “Almaniya üçün Alternativ” ifrat-sağçı qrupundan deputatların sorğusuna cavabında bildirib. Ancaq Noviçokun konkret harada aşkarlanması haqda məlumat verilmir.
Almaniya hökuməti Navalnının maddənin hansı formasından zəhərləndiyini də konkretləşdirməyib. “Aşkarlanmış izlər maddənin ilkin formasının heç bir əlamətini göstərmir, toz, yaxud maye halında olması bilinmir”, – sorğuya cavabda deyilir.
Navalnının özünə də məlumat verilməyib
Bundestaq bildirir ki, Navalnıya qarşı istifadə olunmuş maddənin tərkibi “yüksək yayılma riski” səbəbindən açıqlanmayıb.
Navalnının mətbuat katibi Kira Yarmış bundestaqın cavabıyla bağlı deyir ki, Almaniya hakimiyyəti nə ona, nə də Navalnıya zəhərli maddənin izlərinin olduğu digər əşyalar haqda məlumat verməyib.
Müxalifətçinin su içdiyi butulkanı onun Korrupsiyaya qarşı Mübarizə Fondundakı həmkarları Tomskda qaldığı oteldən götürüblər. Sonradan butulka Almaniyadakı təhqiqatçılara çatdırılıb.
Navalnı avqustun 20-də Tomskda Moskvaya uçan təyyarədə huşunu itirib. Təyyarə Omska təcili eniş edib, onu yerli xəstəxanaya çatdıraraq süni komaya salıblar. İki gündən sonra Berlinə aparılan Navalnı 19 gündən sonra özünə gəlib.
Almaniyadakı, daha sonra digər ölkələrdəki ekspertlər belə bir qənaətə gəliblər ki, Navalnı “Noviçok” qrupundan maddənin təsirinə məruz qalıb. Avropa Birliyi ölkələri Moskvanı baş verənləri araşdırmağa, insidentdə əli ola biləcək məmurlara sanksiya tətbiq etməyə çağırıb.
Sanksiyalar qoyulub
Rusiya hakimiyyəti isə siyasətçinin zəhərlənməsinə bağlılığı olmadığını bildirir. Kremlin mətbuat katibi Dmitri Peskov və rusiyalı həkimlər bəyan ediblər ki, Rusiyada Navalnının orqanizmində zəhər aşkarlanmayıb.
Alman mütəxəssislərin, Avropada bəzi müstəqil laboratoriyaların gəldiyi qənaətə görə, siyasətçinin orqanizmində tapılan maddə Britaniyada rusiyalı keçmiş agent Sergey Skripala qarşı istifadə olunan maddəyə tərkibcə oxşardır. Skripal “GRU” agentliyinin keçmiş əməkdaşı olub və Böyük Britaniya bu zəhərlənməyə görə Rusiyanın xüsusi xidmətlərini ittiham edib.
Rusiya Navalnının zəhərlənməsi üzrə cinayət işi açmaqdan imtina edib. Bundan sonra Avropa Birliyi və Böyük Britaniya insidentlə bağlılığı ola biləcək şəxslərə və təşkilatlara qarşı sanksiyalar açıqlayıb. Onların sırasında FSB-nin direktoru Aleksandr Bortnikov, Rusiya Prezident Administrasiyası başçısının müavini Sergey Kiriyenko, Dövlət Üzvi Kimya və Texnologiya Elmi-Tədqiqat İnstitutu da var. “Noviçok” qrupundan maddənin məhz bu institutun filialında hazırlandığı güman edilir.
Navalnı isə həyatına sui-qəsdin arxasında şəxsən Rusiya Prezidenti Vladimir Putinin dayandığını deyir. Kreml Navalnının zəhərlənməsinə bağlılığı haqda ittihamları rədd edir, bunu Qərbin provokasiyası hesab edir.