İran və İranın ali rəhbərinin ünvanına sərt fikirlər səsləndirən millət vəkili cəzalandırılıb

İran və İranın ali rəhbərinin ünvanına sərt fikirlər səsləndirən millət vəkili cəzalandırılıb
7 Noyabr 2020
Mətni dəyiş

Noyabrın 7-də Milli Məclisin İntizam komissiyasının iclası olmuşdur.

Milli Məclisdən verilən məlumata görə, iclasda deputat Bəhruz Məhərrəmov barəsində intizam tədbirinin tətbiq edilməsi məsələsinə baxılıb.

Komissiyanın üzvləri qeyd etmişlər ki, parlamentin 2020-ci il noyabrın 6-da keçirilən plenar iclasında İran və İranın ali rəhbərinin ünvanına deputat B.Məhərrəmovun səsləndirdiyi fikirlər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir. Deputat öz çıxışlarında məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarını daim nəzərə almalıdır.

Komissiyanın üzvləri bildirmişlər ki, deputat Bəhruz Məhərrəmovun səsləndirdiyi fikirlər heç bir halda parlamentin mövqeyini ifadə etmir. Onlar əmin olduqlarını bildirmişlər ki, xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə heç kəs xələl gətirə bilməz.

Müzakirələrin yekunu olaraq, İntizam komissiyası deputat Bəhruz Məhərrəmov barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib. Bəhruz Məhərrəmov bu günlərdə İran və İranın ali rəhbərinin ünvanına sərt fikirlər səsləndirib. O bildirib ki, İran liderinin bölgədə, müharibə zonasında terrorçulardan danışaraq, təhdidlər sovurması oldu: "Mən inanmaq istəyirəm ki, İran terrorçular dedikdə Fransa və Rusiya tərəfindən yayılan fake xəbərlərə istinad etmir. Ümid edirəm ki, cənab Xamneyi "terrorçular" dedikdə bir qismi zamanında məhz İran üzərindən Ermənistana və Qarabağa keçmiş PKK, ASALA və s. teror təşkilatlarının üzvlərini nəzərdə tutur və məhz onları bölgə üçün, habelə İran üçün təhdid hesab edir. Düşünürəm ki, İran kimi böyük ənənəsi olan bir dövlətin rəhbəri bunu daha açıq formada deyə bilərdi. Bu mənada İran rəsmilərindən bu mövzuda açıqlama verməsi yaxşı olar"- deyə millət vəkili vurğulayıb. Millət vəkili qeyd edib ki, İran Ermənistan üçün nəfəs borusudur. Təsssüf ki, Ermənistana silah sursat daşınmasının böyük qismi İran ərazisindən həyata keçirilir. Habelə, Ermənistanda yanacaq təminatına İranın töhfəsi danılmazdır. Əlbətdə biz iki dövlət arasında münasibətə qarışa bilmərik, lakin, bu tərəflərdən biri təcavüzkardırsa, işğalçıdırsa gərək İran təcavüzkara yardımı təcavüzə yardım, təcavüzkarla əməkdaşlıq kimi qiymətləndirsin. Məhərrəmov əlavə edib ki, İranın ali dini lideri Ayətullah Əli Xamneyinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulması çağırışı alqışlanmalıdır və buna görə İran rəhbərinə təşəkkür edirəm. Lakin, nəzərə alaq ki, bu İranin bizə lütfi və ətası yox, Beynəlxlaq hüququn tələbidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun