Müharibə dövrünün qəhrəmanı və sonradan siyasətçi olan keçmiş Kosovo prezidenti Haşim Taci həbs edilib. Müharibə cinayətləri ittihamı ilə üzləşən Taci cümə axşamı Hollandiyanın Haaqa şəhərindəki Kosovo məsələləri üzrə məhkəmənin təcridxanasına göndərilib.
Taci tribunalın ona qarşı müharibə cinayətləri iddialarını təsdiqlədiyini öyrəndikdən bir gün əvvəl dərhal istefa verib.
Taci və Kosovo Qurtuluş Ordusunun (KLA) digər üç keçmiş lideri qanunsuz həbsxanalara nəzarət etməkdə, hərəkata qarşı olanları qeyri-insani şəraitdə saxlamaqda, işgəncələr verməkdə və bəzən də öldürməkdə günahlandırılır.
Taci ona qarşı irəli sürülən ittihamları dəfələrlə rədd edib. Kosovonun paytaxtı Priştinada keçirilən mətbuat konfransında istefasını "dövlətin bütövlüyünü qorumaq üçün" verdiyini deyib.
Günortadan sonra isə Taci Priştinanın hərbi hava limanına gətirilərək, Haaqaya göndərilib və orada Kosovo Xüsusi Palatası tərəfindən nəzarətə alınıb.
2008-ci ildə ilk baş nazir, 2016-cı ildə prezident seçilən 52 yaşlı keçmiş partizanın həbsi gənc demokratik bir ölkə olan Kosovoda siyasi qeyri-sabitlliyə səbəb ola bilər.
İyul ayında prokurorlar Tacinin 1998-99 müharibəsi zamanı Serbiya polisi və ordusu ilə döyüşən Kosovo Qurtuluş Ordusunun komandiri olduğu dövrdə 100-ə yaxın mülki şəxsin öldürülməsində əli olduğunu demişdi.
ABŞ-ın dəstəklədiyi milli qəhrəman Taci siyasi karyerasına Kosovo Qurtuluş Ordusunun Serbiyanın keçmiş prezidenti Slobodan Miloşeviçə tabe olan qüvvələrə qarşı döyüşə rəhbərlik etdikdən sonra başlayıb.