Beverly Hills Polis İdarəsinin mətbuata verdiyi açıqlamada bildirilir ki, 20 və 30 yaşlarında 6-8 nəfərdən ibarət bir qrup kafeyə daxil olaraq işçilərə hücum edib, kafeni dağıdıb və Ermənistana dəstək şüarları səsləndirib.
Polis idarəsi hücumla bağlı “nifrət cinayəti” üzrə istintaqa başladıqlarını bildirib. Polis rəsmiləri həmçinin ictimaiyyətə insident və ya hadisə yerindən qaçan şübhəlilərlə bağlı hər hansı məlumatı polisə çatdırmağa çağırıb.
Hücumun ardınca restoranı ziyarət edən Türkiyənin Los Ancelesdəki baş konsulu Can Oğuz şübhəlilərin kimliklərini rəsmi olaraq müəyyən olunmadığını, habelə restoranın bir müddətdir təhdidlərə məruz qaldığını və bununla bağlı müvafiq qurumlara müraciət etdiyini bildirib.
Təhlükəsizlik səbəbi ilə adı açıqlanmayan və hadisə zamanı ailəsi ilə birlikdə restoranın arxa qapısından qaçaraq qurtulan restoran sahibi F.T. deyib: “Təəssüf ki, erməni vətəndaşlar tərəfindən hücuma məruz qaldıq. Ailəmlə oturduğumuz zaman birdən 7-8 nəfər restorana daxil olub, ətrafı dağıtmağa başladılar. Biz özümüzü qorumağa çalışdıq. Arxa tərəfdən məhəlləyə doğru 50 metr qaçdıq, amma orada da 15-20 nəfərlik bir qrupla üz-üzə gəldik.”
Yaxınlarda qapısı açıq olan bir binaya daxil olaraq bina sakinlərinin köməyi ilə polisə zəng etdiklərini bildirən F.T. “Nə söyləcəyimi bilmirəm. Qorxu içindəyik” söyləyib.
Cümə axşamı Türkiyənin baş konsulu və Azərbaycanın baş konsulu Nəsimi Ağayev 60-ya yaxın azərbaycanlı və türklə birlikdə “Cafe Istanbul”un önündə toplaşaraq hücumu qınayıb.
Beverly Hills Bələdiyyəsinin Vətəndaş Hüquqları İdarəsindən Mark Blankenşip da restoranı ziyarət edərək rəsmilərdən hücumla bağlı məlumat toplayıb.
“Berevely Hills Polis Departamenti bu qəbuledilməz nifrət və zorakılıq aktını araşdırır," şəhərin meri Lester Friedman bildirib. “Bizim şəhərdə bu cür davranışa yer yoxdur və biz ictimaiyyətdən xahiş edirik ki, bu işdə əli olan şübhəlilər haqda məlumatları varsa, bizə çatdırsınlar.”
Son aylarda erməni əsilli əhalinin sıx yaşadığı Los Anceles şəhəri və onun ətrafında Azərbaycan və Türkiyə əleyhinə şüarların səsləndirildiyi bir sıra etiraz nümayişləri keçirilib. Bu nümayişlər sentyabr ayının sonunda Dağlıq Qarabağda hərbi əməliyyatların bərpa olunmasından sonra intensivləşib