Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) Azərbaycanda jurnalist Polad Aslanov barəsində ittiham hökmü çıxarılmasını pisləyib.
“Azərbaycanın paytaxtında Ağır Cinayətlər Məhkəməsi Xeberman və Press-az xəbər saytlarının redaktoru Polad Aslanovu dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edib, bu barədə JMK-nin bəyanatında deyilir.
Jurnalistin həyat yoldaşı Gülmira Aslanova JMK-yə bildirib ki, hökmdən şikayət veriləcək.
“Azərbaycan hakimiyyəti Polad Aslanovu dərhal azad etməlidir və onun apellyasiyasını təmin etməlidir”, deyə JMK-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Said bildirib.
“Tənqidçi jurnalisti saxta ittihamlarla həbs edən Azərbaycan yalnız Avrasiyada əsas jurnalist həbsxanalarından biri kimi mövqeyini möhkəmləndirir”.
Aslanov guya dövlət sirlərini İrana ötürdüyünə görə dövlətə xəyanətdə ittiham olunub.
Onun həyat yoldaşı JMK-yə bildirib ki, qapalı qapılar arxasında keçirilən məhkəmədə Aslanov ittihamları təkzib edib, barəsindəki hökmün dövlət orqanlarında korrupsiya haqqında reportajlarına görə qisas olduğunu qeyd edib.
Azərbaycan hakimiyyəti Aslanovun peşə fəaliyyətinə görə təqib edilməsi haqqında iddiaları təkzib edir və cinayət işlərini təqsirləndirilən şəxslərin konkret cinahətlərlər törətməsi ilə əlaqələndirir.