Jurnalist aclığının iyirminci günü su içməkdən imtina edəcəyini bildirib

Jurnalist aclığının iyirminci günü su içməkdən imtina edəcəyini bildirib
18 Noyabr 2020
Mətni dəyiş

Həbsdə olan Azel.TV-nin rəhbəri Əfqan Sadıqov 15-ci gündür aclığı davam etdirir.

Bu barədə Amerikanın Səsinə onun həyat yoldaşı Sevinc Sadıqova bildirib.

Onun sözlərinə görə, noyabrın 17-də axşam Əfqan Sadıqov saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinə köçürülüb.

“Bu gün aclıq aksiyasının 15-ci günüdür. Təzyiqi 80/50-dir, böyrəyində kreatin qalxıb və bu gün həkim müdaxilə edib. Amma Əfqan heç bir qidalandırıcı tərkibli dərmanların vurulmasına icazə vermir. Ümumi vəziyyəti pisdir,” o qeyd edib.

Sadıqova həyat yoldaşının aclığın 20-ci günü su içməkdən də imtina edcəyini bildirirb.

Jurnalistin aclıq aksiyası ilə bağlı Bakı İstintaq Təcridxanasının rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Amma Penitensiar Xidmətin mətbuat xidmətindən cəzaçəkmə müəssisələrində aclıq edən məhbusun olmadığını bildiriblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilimiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalıist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun