Ərdəbil həbsxanasında saxlanılan güneyli milli fəal Abbas Lisaninin ziyarət və telefon əlaqələrinə qadağa qoyulub.
Bunu insan hüquqları üzrə fəaliyyət göstərən Ərk cəmiyyəti bildirib.
Həbsxana səlahiyyətliləri 7-ci bölmədə saxlanılan siyasi məhbus Abbas Lisaninin ailəsinə məhbusa qarşı tətbiq edilən qadağaların Ərdəbilin Ümumi və İnqilab prokuroru Tabatabayi tərəfindən verildiyini söyləyib.
Son üç gündə Abbas Lisaninin ailəsi bu məsələ ilə əlaqədar Ərdəbil prokurorluğuna dəfələrlə müraciət etsə də, onların prokurorla görüşmələrinə icazə verilməyib.
Abbas Lisaninin ziyarət və telefon əlaqələrinə qoyulan qadağaya heç bir izahat verilməyib.
Son iki ayda bu tanınmış fəala qarşı 2-ci dəfədir ki, belə bir qadağa qoyulur. Daha öncə Qarabağ hərbi münaqişəsinin ilk günlərində də Abbas Lisani yaxınları ilə görüşmək və telefonla danışmaq hüququndan məhrum edilmişdi.
2019-cu ilin əvvəllərində Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Abbas Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilmişdi. Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 15 il həbs və 2 il sürgünə yüksəldilmişdi.
Milli fəalın İranın Ali Məhkəməsinə şikayəti bu məhkəmə tərəfindən təmin edilməyib. Nəhayət 15 il həbs və 2 il sürgün cəzasının qəti olması haqda 2020-ci ilin iyul ayının 4-də milli fəalın vəkilinə məlumat verilib.
Abbas Lisani ona qarşı açılan başqa bir açıq iddia ilə əlaqədar olaraq, 2019-cu ilin dekabr ayının 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə getmişdi ki, məhkəmədən çıxarkən İranın təhlükəsizlik qüvvələri tərəfindən tutularaq Ərdəbil Həbsxanasına köçürülüb və o vaxtdan bəri bu həbsxanada saxlanılır.
Məhkəmənin son qərarına görə, Abbas Lisani ümumilikdə 15 il həbs cəzasına məhkum edilib. Lisani 2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsində “Qərbi Azərbaycan vilayətində türk icmasını təhrik etmək”, “GAMAC adında qruplaşmanı təşkil və idarə edib və ona üzv olmaq” və “ölkənin təhlükəsizliyini pozmaq” ittihamları ilə mühakimə edilmişdi.
Tanınmış milli fəalAbbas Lisani fəaliyyətlərinə görə, dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, ağır işgəncələr və həbslərə məruz qalıb.