“Bir aydan çoxdur ki, müharibə gedir. Biz işğalçılara dərs veririk. Onları torpaqlarımızdan qovuruq. Artıq bir çox yaşayış məntəqəsi işğaldan azad edilib”.
Bunu Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edən zaman deyib.
“Hər həftə onlarla yeni yaşayış məntəqəsi, şəhərlər, kəndlər, qəsəbələr işğalçılardan azad edilir. Müzəffər Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını davam etdirir”, - deyə Prezident əlavə edib. Prezident bildirib ki, nəzərə alsaq ki, Azərbaycan hazırda Vətən Müharibəsi aparır, bu toplantının xüsusi önəmi var. Biz bunu bizə göstərilən dəstək və həmrəylik əlaməti olaraq qəbul edirik və buna görə sizə təşəkkür edirik.
Dövlət başçısı qeyd edib ki, Bakıda keçirlən toplantı Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətlərin rəhbərlərinin növbədənkənar iclasıdır:
“Bu, növbədənkənar toplantıdır və bunun əsas məqsədi ölkəmizə mənəvi dəstəyin göstərilməsidir. Müharibənin ilk günlərindən biz Türkiyənin və digər qardaş və dost ölkələrin dəstəyini hiss edirik. Bildiyiniz kimi, ilk Türkiyə Cümhuriyyətinin cumhurbaşqanı – mənim əziz qardaşım bizə dəstək verdi. Çox əhəmiyyətli bəyanatlar verdi. Ondan sonra digər dost-qardaş ölkələrin dövlət, hökumət başçıları – Pakistan, Əfqanıstan və digər dövlətlərin başçıları bizə dəstək göstərdilər. Şadam ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bizə dəstək göstərib, Şuranın çox önəmli bəyanatı olub. Bu, türkdilli ölkələr arasında birliyin, həmrəyliyin təzahürüdür”, - ölkə başçısı qeyd edib. Prezident əlavə edib ki, işğal edilmiş ərazilərdə vəziyyət acınacaqlıdır. Bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, təhqir edilib.
“Zəngilan rayonunda işğal edilmiş ərazilərdə bir məsciddə ermənilər donuz saxlayırlar – internetdə videogörüntülər var. Bu, bütün müsəlman aləmini hiddətləndirir. Bu, bir daha onu göstərir ki, Ermənistan dövləti bütün müsəlman aləminə nifrətlə yanaşır. Əks təqdirdə belə alçaq hərəkətlər baş verməzdi. Əlbəttə ki, bütün müsəlman dünyası görür ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik”, - o vurğulayıb. Onun sözlərinə görə, üç dəfə Ermənistana şans verildi. Baxmayaraq ki, bizim Ordumuz uğurlu əməliyyat keçirirdi. Buna baxmayaraq beynəlxalq vasitəçilərin təkliflərinə hörmətlə yanaşaraq, üç dəfə biz atəşkəslə bağlı razılığa gəldik.
“Üç dəfə də Ermənistan bunu kobudcasına pozub. Birinci dəfə Gəncəni ballistik raketlərlə bombalaması ilə, ikinci dəfə atəşkəsdən 4-5 dəqiqə keçəndən sonra atəşkəsi pozdu, üçüncü dəfə isə Bərdəyə “Smerç” raketi ilə atəşin açılması və onun nəticəsində 21 insan həlak oldu və 70 insan yaralanmışdı. Gəncəyə isə iki ballistik raketlə atəş nəticəsində 30-a yaxın insan həlak olmuşdu. Bu, erməni faşizminin eybəcər sifətidir. Biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq”, - deyə Prezident əlavə edib.