Hərbi ekspert: "Rusiya sülhməramlılarının oyun qaydaları bəzən dəyişir"

Hərbi ekspert: "Rusiya sülhməramlılarının oyun qaydaları bəzən dəyişir"
13 Noyabr 2020
Mətni dəyiş
"Rusların Ağdamda daimi və ya müvəqqəti qalacağını dəqiq demək olmur, çünki biz dəfələrlə Azərbaycanda və digər bölgələrdə də rast gəlmişik ki, Rusiya sülhməramlılarının oyun qaydaları bəzən dəyişir. Rusiya bölgədə qalmaq üçün səbəb tapacaq”. 
Hərbi ekspert Azad İsazadə "Toplum TV”yə açıqlamasında belə deyib.
Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə imzalanan birgə bəyanata görə,  noyabrın 20-nədək Ağdam rayonu Azərbaycana qaytarılmalı, Rusiya sülhməramlıları Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Lakin Rusiya Müdafiə Nazirliyinin yaydığı xəritədə  Ağdam rayonu da sülhməramlı əməliyyat zonasına daxil edilib.
Xəritədə Ağdam Rusiya sülhməramlılarının nəzarətində olacaq şimal cavabdehlik zonasında göstərilib.
Azad İsazadənin sözlərinə görə, Ağdamda sülhməramlıların yerləşdirilməsi müvəqqətidir: "Ağdamda yerləşən Ermənistan qüvvələri çıxdıqdan sonra çox güman ki, sülhməramlılar da onların arxasınca geri çəkiləcək, Ağdərə və Əsgəran istiqmətində postlarını quracaq”.
Hərbi ekspert deyir ki, Türkiyə və Rusiyanın birgə monitorinq mərkəzi yaradıldıqdan sonra hər bir mərkəzə görə ayrıca müzakirələr gedəcək: "Bu gün orda Ermənistan qoşunu varsa, demək, döyüşlər yenidən başlaya bilər. Ona görə də o qoşunları ya biz çıxarmalıyıq, ya da rus sülhməramlıları”.
Azad İsazadə rus sülhməramlılarının çıxmayacağını da istisna etmir: "Biz bəyanata ümid edək, çünki  imza atılmış sazişdə deyilir ki, ermənilər Ağdamdan noyabrın 20-də çıxmalıdır, ancaq həmin vaxta qədər iki ordunun arasında toqquşma olmasın deyə rus sülhməramlıları hələlik ordadır. Sonrasını zaman göstərəcək...”
Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri, deputat Zahid Oruc deyir ki, Rusiya sülhməramlılarının ilk vaxtlarda Ağdam, Kəlbəcər və ya digər nöqtələrdə olması Ermənistan hərbi qüvvələrinin qalıqlarının çıxarılması üçün vacibdir: "Ağdam noyabrın 20-də Azərbaycana qaytarılandan sonra orda hansısa sülhməramlı olmayacaq. Burada ikinci fikir yoxdur. Sülhyaradıcı missiya işğaldan azad olunan ərazilərdə yerləşən Ermənistan qoşunlarına xatırlatmalıdır ki, bu ərazilər boşaldılmalıdır”.
Onun sözlərinə görə, həm özünə Qarabağda ev qurmuş mülki vətəndaşlar, həm də Ermənistan hərbi qüvvələri var ki, azad olunmuş ərazilərdən çıxmaq istəmirlər: "Sülhməramlılar biləvasitə ermənilərin çıxmağını təmin etmək üçün orda yerləşiblər”.
Noyabrın 10-da Moskva vaxtı ilə saat 00:00-da Qarabağda döyüş əməliyyatlarının dayandırılmasını nəzərdə tutan bəyanat imzalanıb.
Tərəflər hazırda tutduqları mövqelərdə qalacaqlar.
Bəyanatda həmçinin qeyd olunur ki, Kəlbəcər rayonu noyabrın 15-dək, Ağdam rayonu noyabrın 20-dək, Laçın rayonu isə dekabrın 1-dək Azərbaycana qaytarılır.
Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun