İranın Evin Həbsxanasında saxlanılan türk fəal Tövhid Əmir Əmininin həbs cəzası 5 il həbsə endirilib.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı məlumata görə, Evin Həbsxanasında həbsdə olan milli fəal Tövhid Əmir Əmininin cəzası İranda həbs cəzalarının azaldılması barədə yeni bir qanuna əsasən beş il həbs cəzası ilə əvəz edilib.
Tövhid Əmir Əmini daha əvvəl Tehran İnqilab Məhkəməsi tərəfindən 9 il həbs cəzasına məhkum edilmişdi ki, bu hökm apelyasiya məhkəməsində 7 il 6 ay həbs cəzasına endirilmişdi.
Əmir Əmini ötən ilin fevral ayının 21-də digər milli fəal Kiyanuş Aslani ilə birlikdə Beynəlxalq Ana Dili Gününü qeyd etmək məqsədilə Tehranda təbrik kartları payladıqları zaman tutulub və Tehranın Evin Həbsxanasına köçürülüblər.
2019-cu ilin iyun ayının 23-də Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin sədrliyi ilə qurulan məhkəmə iclasının nəticəsində milli fəallar "ölkənin milli təhlükəsizliyini pozmaq" və "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamları ilə üzləşib və Tohid Əmir Əmini birinci ittihama görə 7 il 6 ay, ikinci ittihama görə isə 1 il 5 ay azadlıqdan məhrum edilmişdi. Kiyanuş Aslani isə birinci ittihama görə 5 il həbs cəzasına məhkum edilib və ikinci ittihamdan bəraət hökmü almışdı. Bununla da Tohid Əmir Əmini 9 il, Kiyanuş Aslani isə 5 il və cəmi 14 il həbs cəzasına məhkum edilmişdilər.
Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən Tohid Əmir Əminiyə verilən hökm Tehran Apelyasiya Məhkəməsinin 36-cı şöbəsinin sədri hakim Əhməd Zərgərin tərəfindən 7 il 6 ay həbs cəzasına endirilmişdi.
Bundan əvvəl Tövhid Əmir Əmini Ərdəbildə dörd milli fəal ilə birlikdə hal-hazırda da Ərdəbil Həbsxanasında saxanılan güneyli fəal Abbas Lisaninin sərbəst buraxılmasını tələb edən plakat nümayişinin ardından təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınaraq 6 ay həbs və qamçı cəzasına məhkum edilmişdi.