Tanınmış erməni vətəndaş cəmiyyəti nümayəndəsi, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin direktoru Georgi Vanyan Ermənistan baş naziri Nikol Paşinyana açıq məktub yazıb.
Abzas xəbər verir ki, G.Vanyan müraciətində hökumət başçısını Azərbaycanla danışıqlara oturmağa çağırır. Mərkəz rəhbəri Paşinyana deyir ki, kənarda müttəfiq axtarmaq lazım deyil, müttəfiq elə qonşu Azərbaycandır.
Erməni hüquq müdafiəçisinin Paşinyana müraciətinin tam mətnini təqdim edirik:"Ermənistan Respublikası çoxdan öz vətəndaşlarına qarşı cinayətlər həddini keçib. Bu cinayətkar qələbəni dayandırın: qonşu məğlub olmaz, qonşu tapdalanmaz, qonşu məhv edilməz. Qarşılıqlı anlayışa qədər, eyni dildə danışmaq bacarığı ortaya çıxana qədər bir qonşu ilə danışır, danışır, danışır.
Qonşuların bir-birini məhv etmə ətaləti, tərəflərin özlərini yox etməsinə aparan yoldur.
"Strateji müttəfiqin" qoruyucu gücü barədə kriminal kələkdən əl çəkin, unudun.
Davam edən bu qətliam qarşısında müttəfiq axtarışını kənara qoyun, soyqırıma məruz qaldığınızın tanınması üçün beynəlxalq ictimaiyyətdən utancverici sədəqə ümidini kənara qoyun.
Hərəkətsizliyin öhtəsindən gəlin, millətçi tabuların cinayət ətalətini dəf edin.
Son 30 ildə, xüsusən bu gün bir müttəfiqimiz ola bilər və bu müttəfiq qonşu Azərbaycandır. Bunu de və qorxmadan həmkarının üzünə bax.
Georgi Vanyan, Tavuş rayonu, Nerkin Tsaxkavan kəndi, 6 Noyabr 2020".
G.Vanyan bu məktubu yayımlayandan sonra, noyabrın 7-də onun evinə Ermənistan polisi və baş prokurorluğundan məmurların gəldiyini bildirib.
"Bu gün polislər evimə gəlib Ermənistan baş nazirinə yazdığım açıq məktubumun 'Facebook'dan silinməsini tələb etdilər, amma paylaşımımın qeyri-qanuni olduğunu qəbul etmədiyim üçün mətni silməyi rədd etdim və yazılı bir məktubun təqdim olunmasını tələb etdim. Bir müddət sonra mənə və yaxınlarıma qarşı saysız təhdidi gəlməyə başladı", - deyə erməni hüquq müdafiəçisi bildirib.