"Gəncə işi" ilə bağlı həbs olunan Müşfiq Qurbanov Bakı İstintaq Təcridxanasında vəfat edib.
Bu barədə M. Qurbanovun ailəsi məlumat verib. Məhbusun cəsədi Sabunçu Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyində ekspertizadan keçirilib.
Bakı İstintaq Təcridxanasından ailəsinə M.Qurbanovun ürək çatışmazlığından öldüyünü deyiblər.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyi və Penitensiar xidmətdən heç bir açıqlama verilməyib.
Qurbanov Müşfiq Cümşüd oğlu Gəncə işi ilə bağlı 2018-ci ilin oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılıb, daha sonra 2020-ci il yanvarın 17-də Bakıya gətirilib.
O, 2018-ci ildə baş vermiş Gəncə hadisələr zamanı qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama, dini zəmində nifaq salma, ölkənin konstitusiya quruluşunu dəyişməyə cəhd və s. əməllərdə ittiham olunur.
Rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılıb.
Bu hadisələrə görə 80 nəfərə qədər şəxs cinayət məsuliyyətinə cəlb olunub. Bir neçə qrup üzrə məhkəmə hökmləri elan edilib.
Hadisə zamanı ağır xəsarət alan Elmar Vəliyev 2018-ci il avqustun 28-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.