Fransa Türkiyənin ‘zorakılığı bəyan etməsini’ pisləyir

Fransa Türkiyənin ‘zorakılığı bəyan etməsini’ pisləyir
5 Noyabr 2020
Mətni dəyiş

Fransa Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın “zorakılığı bəyan etməsini” pisləyib, Ankaraya yeni sanksiyaların mümkünlüyündən danışıb.

Erdoğan fransalı həmkarı Emmanuel Makronla bir sıra geosiyasi məsələlərlə bağlı söz savaşı aparıb. Bu yaxınlarda Fransanın radikal islamla mübarizəsi mübahisəyə səbəb olub.

“Zorakılıq, hətta nifrətin bəyan edilməsi...”

“İndi zorakılıq, hətta nifrətin bəyan edilməsi, vaxtaşırı prezident Erdoğan tərəfindən səsləndirilməsi qəbuledilməzdir”, – Xarici İşlər naziri Jan Yves Le Drian noyabrın 5-də Avropa 1 radiosuna deyib.

Fransa Boz Qurd təşkilatını qadağan edəcəyini deyir

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Parisdə türk ultra-millətçi Boz Qurq təşkilatının qadağan olunması “ikili standart”dır və “riyakar” addıma qarşı əks tədbirlər görüləcək.

Fransa noyabrın 4-də bildirmişdi ki, “yarımhərbi və ultra-millətçi Boz Qurd hərəkatı”nı qadağan edir, bu qrupun kürd və erməni fəalları hədəfə aldığını açıqlayıb.

Boz Qurd Milliyətçi Hərəkat Partiyasına (MHP) bağlı ultra-millətçi gənclər təşkilatıdır.

Hökumətin sərəncamında həmin qrupun ötən ayın sonunda Fransada antierməni nümayişlərə qatıldığı qeyd edilir. MHP parlamentdə Prezident Erdoğanın hakim partiyası ilə müttəfiqdir.

Paris həmin qrupun salüt daxil olmaqla simvol və şüarlardan istifadə etdiyini bildirib.

Fransa hökumətinə ittiham

Türkiyənin Xarici İşlər Nazirliyi noyabrın 5-də bəyan edib ki, “tamamilə adi, qanunsuz aspekti olmayan, bir çox ölkələrdə işlənən simvolları qadağan etmək tamamilə qəbuledilməzdir”.

Ankara Fransa hökumətini “erməni dairələrin girovuna çevrilməkdə” suçlayıb.

Ötən aykı nümayişlər Azərbaycanla Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilib. Türkiyə münaqişədə Azərbaycanı dəstəkləyir. Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi deyilir. Azərbaycan son bir ayda 190-dən çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad etdiyini açıqlayıb.

Türkiyə və Fransa Suriya və Liviya münaqişələri, Aralıq dənizində təbii qaz tədqiqatları ilə bağlı da fərqli mövqe tuturlar. Makronun islam və digər dinlərin ələ salınması hüququ daxil olmaqla dünyəvi dəyərlərə sadiqlik bəyan etməsi gərginliyi daha da qızışdırıb.

Erdoğan Makronu islamofobiyada ittiham edib, Fransa liderinə “başını yoxlatmağı” məsləhət görüb və Fransa mallarını boykot etməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun