Fransa Santı qondarma rejimi tanıdı: hakimiyyətdən və müxalifətdən reaksiya

Fransa Santı qondarma rejimi tanıdı: hakimiyyətdən və müxalifətdən reaksiya
26 Noyabr 2020
Mətni dəyiş

Fransa Senatı Dağlıq Qarabağın tanınması barədə 25 Noyabr axşamı qərar qəbul edib. 305 deputat  sənədin lehinə, 1 nəfər əleyhinə səs verib.

Sənəddə "Türkiyə hakimiyyəti və xarici muzdluların dəstəyi ilə həyata keçirilmiş Azərbaycanın hərbi təcavüzü” və eyni zamanda ”Azərbaycan silahlı qüvvələrinin və onların dəstəkləyici birləşmələrinin 27 sentyabrda döyüş əməliyyatları başladıqdan sonra işğal olunmuş ərazilərdən dərhal geri çəkilməsi tələb olunur" pislənilir.

Fransa hökumətindən Qarabağ əhalisinə geniş miqyaslı dəstək verilməsi, habelə Dağlıq Qarabağda mülki əhaliyə qarşı “müharibə cinayətlərinin araşdırılmas”-ı üçün beynəlxalq komissiya təşəbbüsü tələb olunur.

Sənəd Fransa hökumətini "1994-cü ildə müəyyən edilmiş sərhədləri təmin etməklə" danışıqlar prosesini bərpa etmək, eləcə də erməni əhalisinin təhlükəsizliyini və köçkünlərin qayıtmaq hüququnu təmin etmək üçün hər cür səy göstərməyə çağırır. Bu, heç kimə xeyir gətirməyəcək

Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan ölkə Senatının qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirib.

O, qeyd edib ki, əgər rəsmi Paris qondarma rejimi tanısa belə, bu, heç kimə xeyir gətirməyəcək.

"Fransa tərəfindən birtərəfli tanınma nə Ermənistan, Qarabağ əhalisi, Fransa, Minsk qrupunun başqa həmsədrləri (ATƏT - red), nə də Avropa üçün faydalı olardı", - o deyib.

Qətnamənin hüquqi qüvvəsi yoxdur

Məsələyə Azərbaycan xarici işlər nazirliyindən də reaksiya gəlib. Nazirlikdən bildirilib ki, Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur.

"Vurğulamaq istərdik ki, Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur. Lakin qətnamənin siyasi məna kəsb etdiyini nəzərə alaraq, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliliyini ciddi şübhə altına alır. Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi nüfuzuna xələl gətirir", - süyə XİN-in açıqlamasında vurğulanıb.

Cavabda o da qeyd olunub ki, Fransa Respublikasının münaqişənin həlli ilə bağlı rəsmi mövqeyi dövlətin yüksək səviyyəli rəsmiləri, o cümlədən ölkə Prezidenti və xarici işlər naziri tərəfindən səsləndirilib. Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe istər ikitərəfli çərçivədə, istərsə də Avropa İttifaqı ilə imzalanan sənədlərdə öz əksini tapıb. Fransanın Avropa və Xarici İşlər üzrə Nazirliyinin Senatda keçirilən müzakirələrdə çıxış edən dövlət katibi də rəsmi mövqeyi çıxışında ifadə etdi. Fransa Senatının qərəzli qətnamələr qəbul etmək əvəzinə bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması həm Fransanın maraqlarına cavab verər, həm də bölgənin dayanıqlı inkişafına yardımçı olardı.

Kağız parçasından başqa bir şey deyil

Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, Fransa Senatının qətnaməsi kağız parçasından başqa bir şey deyil.

Hacıyev deyib ki, bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur.

Onun sözlərinə görə, vasitəçi ölkənin bitərəf və ədalətli olmalı olduğunu unudan Fransanın açıq ermənipərəst mövqeyi münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə mane olan əsas amillərdən biri olmuşdur. Məhz onun belə dəstəyi təcavüzkar Ermənistanı status-kvonu davam etdirməyə və işğal faktını gücləndirməyə həvəsləndirmişdir.

"Qətnamənin mətnində Azərbaycan və qardaş Türkiyənin ünvanına yer alan saxta ittiham və böhtanları qəti şəkildə rədd edirik, münaqişənin tarixi, siyasi və hüquqi aspektlərini təhrif etmək cəhdlərini kəskin qınayırıq. Türkiyə və Azərbaycanın guya xaricdən muzdlu terrorçuları döyüşlərə cəlb etməsi ilə bağlı indiyə qədər heç bir sübutla təsdiq olunmamış iddialar əsassızdır. Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsi barədə faktlar və dəlillər aidiyyəti qurumlarımız tərəfindən Fransanın diqqətinə çatdırılmışdır", - deyə H.Hacıyev bildirib.

Bu bizdən çox Avropa Birliyinə vurulan zərbədir

AXCP sədrinin müavini Seymur Həzi də məsələyə münasibət bildirib.

Partiya bu sənədi pisləyir.

"Fransa senatı qondarma rejimi tanıdı. Hökumətin bu rəzil qərarı tanıyacağına inanmıram. Bu bizdən çox Avropa Birliyinə vurulan zərbədir", - deyə Seymur Həzi qeyd edib.

Fransa Minsk Qrupundan dərhal çıxarılmalıdır

REAL partiyasının funksioneri Natiq Cəfərli yazıb ki, Fransa Minsk Qrupundan dərhal çıxarılmalıdır.

Onun sözlərinə görə, Fransa siyasətçilərinin bir qismi bu məsələdə hüququn yox, bir ovuc erməni əsilli seçicinin marağının yanında yer aldı - amma Fransa biznesi, hansı ki, ölkıdə ciddi çəkiyə malikdirlər, bu tutumdan məmnun deyil. Çünki, Fransa şirkətləri Azərbaycanda nəzərdə tutulan böyük özəlləşmə proqramında iştirak etmək istəyir.

"Bundan başqa, İran açılandan sonra (2021-də İranla ABŞ yeni saziş imzalayacaq, sanksiyaların böyük qismi götürüləcək) Azərbaycan üzərindən İranda iş qurmağı planlayırlar - söhbət milyardlardan gedir. Ona görə də yubanmadan Fransa İş Adamlarını birləşdirən qurumlarla əlaqəyə keçmək, görüşmək, onları lobbimizə çevirmək lazımdır. Pafosu, qarğışı, təhqiri kənara qoyaq, real iş görək, bu addımın presidentə çevirilməsinə imkan vermək olmaz! Senatın sənədini Fransa hökuməti təsdiqləməsə, hərəkətə keçməsə heç bir hüquqi zəmin yaratmayacaq, ona görə də vaxt itirmədən bütün imkanlar səfərbər edilməlidir!", - deyə REAL partiyasının funksioneri Natiq Cəfərli bildirib.

Heç bir faciə baş verməyib

Müsavat partiyasının başqan müavini Səxavət Soltanlı siə deyir ki, Fransa senatında Qarabağla bağlı qəbul edilən sənədin heç bir təhlükəsi yoxdur.

Onun sözlərinə görə, tələm-tələsik bəyanatlara, açıqlamalara, pafoslu çağırışlara ehtiyac yoxdur.

"Heç bir faciə baş verməyib. Fransa höküməti özü də bu sənədi artıq tənqid edib, zərərli, faydasız olduğunu bildirib", - deyə başqan müavini özünün feysbuk hesabında qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun