Kürdəxanı İstintaq Təcridxanasının rəhbərliyi Azel.TV-nin rəhbəri Əfqan Sadıqovun aclıq aksiyasını sənədləşdirməkdən imtina edir. Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova bildirib.
Onun sözlərinə görə, əri 14 gündür aclıq edir, amma İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov yalan məlumat yayaraq bildirir ki, Sadıqov aclıq etmir və tibb məntəqəsinə getmək istəmir.
“Əfqanın aclıq etməsi ilə bağlı noyabrın 4-də İstintaq Təcridxanasına verdiyi ərizəni gizlədiblər və sənədlərin arasına tikməyiblər. Əfqanı təcrid etmirlər, o, adi kameradadır. Təzyiqi 80/50-yə düşüb. Vəziyyəti pisdir, ona həkim nəzarəti yoxdur”, deyən həyat yoldaşı Penitensiar Xidmətin rəhbrəliyindən şikayət edib.
Həyat yoldaşı bildirib ki, Əfqan aclıq aksiyasının 20-ci günündə, noyabrın 23-dən etibarən quru aclığa başlamaq və sudan da imtina etmək niyyətindədir.
* Əfqan Sadıqov bu ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq aclıq elan edib.