Noyabrın 10-da gecə Qarabağ probleminin sülh yolu ilə həllinə dair imzalanmış üçtərəfli saziş erməni silahlı qüvvələrinin Kəlbəcər rayonundan (15 noyabr 2020-ci il tarixinədək), Ağdam rayonundan, Qazax rayonu ərazilərindən (noyabrın 20-dək) və Laçın rayonundan çıxarılmasını (rayon və Ermənistan arasında beş kilometrlik nəqliyyat zolağı istisna olunmaqla) (dekabrın 1-dək) nəzərdə tutur.
Lakin Ermənistanda baş verən hadisələr bu planın uğurla yerinə yetiriləcəyini şübhə altına alır. Həmin rayonlardan erməni əhali 27 sentyabr 2020-ci ildə başlayan müharibə günlərində getməyə başlamışdı. Son qalan sakinlər rayonları indi tərk edirlər.
'Sputnik Armeniya' bildirir ki, noyabrın 10-da Kəlbəcərdə Dadivan monastırının keşişi Ovannes Ovannisyan əmlakını, əşyalarını yığıb və Kəlbəcəri tərk etmək üçün onları çıxarmağa nəqliyyat axtarıb. Ovannesyan 1993-cü ilin mart-aprel aylarında döyüşüb, Kəlbəcərin işğalında iştirak edib. Rayonun digər erməni sakinləri də gedirlər. Ovannisyan deyir ki, erməni xalqı yenə də köç yoluna qədəm qoyub: “ermənilərin taleyi belədir”.
Eyni zamanda, Yerevanda radikal siyasi müxalifət Paşinyanın imzaladığı razılaşmanı pozmağa çalışır ki, ərazilər Azərbaycana təhvil verilməsin.
“Ümummilli rüsvayçılıq qrafikinin növbəti bəndinə 4 gün qalıb”, - analitik Karen Bekaryan yazıb. “Bu uğursuzluq prosesinin qarşısını almaq üçün istənilən imkandan, hətta ən kiçik imkanlardan istifadə etmək lazımdır”.
Bekaryan Paşinyanın və Qarabağ separatçılarının lideri Araik Arutyunyanın könüllü istefasını tələb edir ki, bu Ermənistana Paşinyanın iştirakı və Arutyunyanın dəstəyilə imzalanmış sazişdən imtina etməyə imkan verər.
Yerevanda Paşinyana sadiq ordu birləşmələri 20-yə yaxın erməni partiyasından siyasi dəstək alan qiyamçıların məskunlaşdığı hökumət binasına hücum etməyə hazırlaşır. Əgər müxalifət Paşinyanı devirə bilərsə, Ermənistanın yeni hakimiyyəti qoşunların Azərbaycanın üç rayonundan çıxarılması qrafikinə əməl olunmasını əngəlləyə bilər.
Hadisələrin bu cür inkişafı Azərbaycanın Qarabağ Azadlıq Təşkilatını narahat edir. QAT sədri Akif Nağı Turan-a müsahibəsində deyib ki, ermənilər müharibənin dayandırılmasından istifadə edərək yenidən qruplaşa, qüvvə toplaya və üçtərəfli sazişin yerinə yetirilməsinə mane ola bilər.
Ermənistanda yeni hakimiyyət və ya Qarabağ erməniləri silahlı qüvvələri Qarabağdan çıxarmaqdan imtina etsə necə olacaq? Axı imzalanan sazişdə müqavilənin şərtlərini pozan tərəfə təzyiq vasitələri göstərilməyib.
Ermənilər üçtərəfli razılaşmanın mətnində boşluqlardan və uyğunsuzluqlardan istifadə edə bilər. Xüsusilə məlum olur ki, mətbuatda dərc edilmiş razılaşmanın mətninin iki müxtəlif variantı mövcuddur. Onlardan birində erməni silahlı qüvvələrinin Azərbaycanın Qazax rayonu ərazisindən çıxarılmasından danışılmır.
Şiyası şərhçi Vüqar Seyidov və “Şimal-Cənub” Politologiya Mərkəzinin aparıcı eksperti, REA İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev (Moskva) Turan-ın suallarını cavablandırıb.
V.Seyidov sazişin pozulması üçün səbəb görmür, çünki Ermənistanda növbəti hakimiyyət Rusiyapərəst olacaq və Putinin istəyinə qarşı çıxmayacaq. Lakin əgər saziş Yerevan tərəfindən pozularsa, o zaman Rusiya Azərbaycan ordusu tərəfindən hərbi əməliyyatların davam etdirilməsinə imkan verəcək. “Amma ordumuz Xankəndinə girmədən”, - V. Seyidov dəqiqləşdirib.
A.Karavayevin fikrincə, Moskva üçün Qarabağa dair sazişin yerinə yetirilməsi nüfuz məsələsidir, buna görə də Azərbaycanla əməkdaşlıq şəraitində hər şey ediləcək ki, pozuntu olmasın. Azərbaycan və Rusiya güc strukturları sıx qarşılıqlı fəaliyyət göstərəcək.
“İki mühüm məqam var. Nizami qoşunların çıxarılması problem olmayacaq, çünki ordu “DQR”i ləğvdən xilas etmiş sülh müqaviləsinin provayderlərindən birinə - Yerevana tabedir.
Qalır yerli erməni döyüşçülərdən və xaricdən gələn ermənilərdən ibarət erməni könüllülərin çıxarılması. Əcnəbilər gedəcək. RF Silahlı Qüvvələrinin qoruduğu perimetrin daxilində qalan yerli ermənilərin tərksilah olunması problemi yarana bilər. Bu, müxtəlif insidentlər üçün potensialdır. Belə olan halda yeganə qərar yerli ermənilərin bütün əlaqələrini və hərəkətlərini Rusiya hərbi blokpostları vasitəsilə həyata keçirməkdir. Müəyyən müddətdə yerli əhali arasında əlaqələri tamamilə təcrid etmək, ərzaq və malların konvoy altında çatdırılmasını həyata keçirmək məsləhətdir.
Erməni qaçqınların öz yaşayış yerlərinə buraxılmasını BMT Qaçqınlar üzrə Ali Komissarlığın nümayəndələrinin olduğu Azərbaycan komendantlığı ilə əməkdaşlıq şəraitində həyata keçirmək lazımdır. İlk səfərlər yaşayış yerləri ilə tanışlıq xarakteri daşıya bilər və geri qayıdan sakinlərin sənəd və əmlaklarının siyahılarını tərtib etmək üçün ola bilər. İşin həcmi kifayət qədər böyükdür, - Aleksandr Karavayev deyib.
Ermənilər silahlı müqavimət göstərsələr, necə olacaq? Əvvəlcə, itaətsizləri əhatəyə alacaqla, tərksilah əməliyyaıt keçiriləcəklər. Sazişi yerinə yetirməkdən imtina edənlərin silahlı müqavimətinə atəşlə cavab veriləcək.
“Burada sentimentallıq yoxdur, Yerevanın bu barədə şübhəsi olmamalıdır. Əgər hansısa erməni hissəsi sazişi yerinə yetirməsə, özünü qanundankənar vəziyyətdə qoymuş olacaq və Azərbaycan Ordusu onları məhv edə bilər. Başqa məsələdir ki, itaət etməyən hərbi hissə öz silahını təhvil verərək Qarabağ zonasının daxilində qala bilər”, - ekspert əlavə edib.