Tsarukyan və Marukyan birgə bəyanatda Paşinyana oktyabrın sonunda da bu xahişi səsləndirdiklərini xatırladırlar.
Ermənistan parlamentində iki müxalifət fraksiyasının liderləri Baş nazir Nikol Paşinyanla görüş tələb edirlər. Onlar Dağlıq Qarabağ döyüşlərini müzakirə etmək istədiklərini deyirlər.
“Çiçəklənən Ermənistan” lideri Gagik Tsarukyan və “Parlaq Ermənistan”ın başçısı Edmon Marukyan noyabrın 9-da baş nazirlə danışmaq tələblərini bir daha dilə gətiriblər.
Noyabrın 8-də isə Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edildiyini açıqlayıb.
Tsarukyan və Marukyan birgə bəyanatda Paşinyana oktyabrın sonunda da oxşar xahişlə çıxış etdiklərini xatırladırlar. Onlar Təhlükəsizlik Şurası və müxalifət deputatlarının təcili toplantısının keçirilməsini istəyirlər. Ancaq demələrinə görə, Paşinyan bu xahişə rəsmi cavab verməyib.
Şuşada döyüş getdiyini deyirlər
“Artsaxda (ermənilər Qarabağa belə deyirlər) döyüşlərin davam etdiyini nəzərə alaraq bir daha baş nazirdən parlamentin müxalifət fraksiyaları ilə təcili görüşməsini tələb edirik”, – bəyanatda vurğulanır.
Ermənistan rəsmiləri hələ də Şuşanın Azərbaycan qüvvələrinin nəzarətinə keçdiyini təsdiqləmirlər. Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan deyib ki, Şuşa uğrunda döyüşlər noyabrın 9-da səhər də davam edib.
Şuşa Dağlıq Qarabağın mərkəzi Xankəndindən 10 km cənubda yerləşir.
Separatçı rejimin erməni lideri Arayik Arutyunyan Facebook-da yazır ki, Xankəndində hərbi mövqeləri yoxlayıb və etnik erməni qüvvələrini bir gündən çoxdur “paytaxtı Şuşadan gələn hücumlardan” qoruduqlarına görə tərifləyib.Bu arada separatçı rejim daha 44 əsgərin ölümü haqda məlumat açıqlayıb. Beləliklə də, sentyabrın 27-də Azərbaycan-Ermənistan təmas xəttində əməliyyatlar başlanandan qarşı tərəfin hərbçi itkisi 1221 nəfərə çatıb.
Azərbaycan ölən hərbçilərin sayını açıqlamır.
Xatırlatma
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər başlayıb. Azərbaycan bu 44 gündə 210 civarında kəndi, üç qəsəbəni (Hadrut, Mincivan, Ağbənd), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.
1994-cü ilə qədər Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu işğal olunub.
BMT 1993-cü ildə Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunmasını tanıyan dörd qətnamə qəbul edib, amma bu qətnamələr icra olunmayıb.