Türkiyənin xəzinə və maliyyə naziri, prezident Erdoğanın kürəkəni Berat Albayrak istefa verib.
Abzas xəbər verir ki, bu barədə nazirin rəsmi İnstaqram hesabında 8 noyabr axşam saatlarında açıqlama yayılıb. Məlumatda deyilir ki, nazir sağlamlıq problemlərindən dolayı istefa verir.
Xəzinə və Maliyyə Nazirliyi rəsmisi BBC Türkçəyə Albayrakın istefa verdiyini təsdiqləyib, amma istefanın qəbul edilib-edilməyəcəyinin hələ bilinmədiyini deyib.
Albayrak 2015-ci ildə Türkiyə parlamentinin üzvü seçilib və həmin il Enerji və Təbii Ehtiyatlar Nazirliyinin rəhbər postuna, 2018-ci ilin iyul ayında isə Xəzinə və Maliyyə Nazirliyinə təyin edilib. Prezidentin internet saytında isə Berat Albayrakın hələ də Nazirlər Kabinetinin üzvü olduğu görünür.
Son dövrlər Türkiyə iqtisadiyyatında geriləmələr və türk lirəsinin dollar qarşısında əhəmiyyətli dərəcədə dəyər itirməsinə görə prezidentin kürəkəni ciddi şəkildə tənqid edilirdi. Son günlər isə sosial media üzərindən aparılan kampaniyalarda Albayrakın istefa tələbi trend olurdu.