“Məktəbə Moskvada getmişəm. Təbliğatın nə olduğunu çox yaxşı bilirəm, bu, xalis sovet propaqandasıdır”, – Süleymanov bildirib
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süeymanov “The Washington Times” qəzetinə müsahibəsində Ermənistana qarşı döyüşlərdə suriyalı muzdlulardan istifadə haqda məlumatları təkzib edib.
“Məktəbə Moskvada getmişəm. Təbliğatın nə olduğunu çox yaxşı bilirəm, bu, xalis sovet propaqandasıdır”, – Süleymanov bildirib.
Məqsəd...
Səfirin fikrincə, məqsəd Ermənistan üçün elə bir əhvalat uydurmaqdır ki, Azərbaycana qarşı əməliyyatlara Rusiya qüvvələri cəlb olunsun.
Suriyalı muzdluların guya Azərbaycanın xeyrinə savaşması haqda məlumatları bəzi Qərb media orqanları ortaya atıb. Onların iddiasına görə, suriyalılar bu məqsədlə “Türkiyədə özəl təhlükəsizlik şirkəti”nə qoşulurlar. Amma bu şirkətin adını yazan yoxdu. Azərbaycan rəsmiləri isə oxşar məlumatları dəfələrlə təkzib ediblər.
Elin Süleymanov sözügedən məlumatları saxta və Qərb mediasında dezinformasiyanın yayılmasına şərait yaradan “tənbəl jurnalistika” adlandırıb. O, “The Washington Post” qəzetinin oktyabrın ortasında yazdığını da təkzib edib. Qəzet Suriya-Türkiyə sərhədinə çatan dondurucu- maşında Dağlıq Qarabağda öldürülmüş 52 suriyalının meyitinin olduğunu yazırdı.
“Buna sübut yoxdur. Azərbaycanda bircə suriyalı döyüşçünün meyiti belə tapılmayıb”, – Süleymanov deyib. O, Azərbaycan silahlı qüvvələrinin heç belə döyüşçülərə ehtiyacı olmadığını sözlərinə əlavə edib.
“Rusiyanın hərbi müdaxiləsini istisna edirəm”
“The Associated Press” agentliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftəsonu Rusiya Prezidenti Vladimir Putinə kömək üçün müraciət etməsindən yazır.
Rusiya Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin keçmiş rəisi, ehtiyatda olan general leytenant Yevgeni Bujinskinin fikrincə, Moskva bu münaqişəyə müdaxilə etməyəcək.
“Rusiyanın hərbi müdaxiləsini istisna edirəm. Azərbaycan Rusiya üçün o qədər əhəmiyyətlidir ki, ona və Türkiyəyə qarşı müharibə aparmaz”, – hərbçi “Interfax” agentliyinə deyib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistan ərazisinə zərbə endirməməyə çalışıb və buna görə də “Rusiyanın hərbi müdaxiləsi üçün əsas yoxdur”.
Dağlıq Qarabağdakı separatçı rejim indiyədək 1200-dək əsgərinin və 39 dinc sakinin həlak olduğunu bildirir. Azərbaycan hərbi itkiləri açıqlamır, azı 91 mülki şəxsin öldürüldüyünü, 400 yaralının olduğunu açıqlayıb. Putin bu günlərdə deyirdi ki, münaqişədə itki sayı daha böyük – 5 minə yaxındır.
Xatırlatma
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi deyilir. Azərbaycan son bir ayda 170-dən çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad etdiyini açıqlayıb.
Tərəflər cəbhədə döyüşlər başlayandan üç dəfə humanitar atəşkəslə bağlı razılığa gəldiklərini bəyan ediblər. Amma cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlər davam edir, hər iki tərəfdən itkilərin olduğu deyilir. Atəşkəsin pozulmasına görə də qarşılıqlı ittihamlar səslənib.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.