Ekspertlər Lavrov siyasətinin toponimik incəliklərini açıqlayırlar

Ekspertlər Lavrov siyasətinin toponimik incəliklərini açıqlayırlar
14 Noyabr 2020
Mətni dəyiş

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağ probleminin birdəfəlik yekun həlli üçün gəlişi gözlənilən Türkiyə sülhməramlılarının dislokasiya yeri barədə sualın cavabında elə danışıb ki, sanki Azərbaycan və Dağlıq Qarabağ müxtəlif dövlətlərdir.

"Dağlıq Qarabağa Türkiyə Respublikasının heç bir sülhməramlı bölməsi göndərilməyəcək. Türkiyə müşahidəçilərinin mobillik sərhədləri Azərbaycan ərazisində, Qarabağa yaxın olmayan yerdə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yerləşməsi üçün müəyyən ediləcək coğrafi koordinatlarla məhdudlaşır və əlavə olaraq razılaşdırılacaq", - o, noyabrın 12-də bildirib.

Yaxın döyüşlər zonasından və Ermənistandan gələn bəzi xəbərlər də azərbaycanlıları narahat edir. Yerevanda baş nazir N. Paşinyan xalqı itirilmiş Azərbaycan ərazilərinin qaytarılması üçün birləşməyə çağırıb. Qarabağda qanunsuz rejimin rəhbəri, Gəncəni bombalamağı əmr edən  Araik Arutyunyan  rusların nəzarətində olan ərazilərə bundan sonra da komandanlıq etmək niyyətindədir. Qarabağa doğru avtomobil yolunda ermənilər Azərbaycana istiqamət alan Rusiya "Qrad" hərbi sistemlərinin videosunu çəkiblər. RF sülhməramlı missiyasının həyata keçirilməsi üçün bunlar  nəzərdə tutulmayıb.

Lavrovun qəribə sözləri Rusiyanın "sülhyaratma" əməliyyatı ilə ört-basdır edərək Qarabağı Azərbaycandan qoparmaq niyyəti deməkdirmi? Ona görəmi Moskva Qarabağda türk hərbçilərinin olmasına qarşı çıxır? Turan bu suallarla şifahi və yazılı formada Azərbaycan XİN-in mətbuat xidmətinə müraciət edib və ötən sutka ərzində cavab almayıb.

Biz Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovdan baş verənləri izah etməyi xahiş etdik.

O hesab edir ki, Rusiya sülhməramlılığının Gürcüstanda və Moldovadakı təcrübəsi Qarabağda rusların davranışına dair başqa gözləntilərə malik deyil. Sadəlövh siyasətçilər Rusiya sülhməramlılığının problemsiz olacağını düşünə bilərdi. Lakin qərar obyektiv vəziyyətdən çıxış edərək qəbul olunub. İstənilən qərar imkanları, nəticələri və riskləri ehtiva edir. Bizim üçün çox vacib idi ki, erməni silahlı qüvvələri Azərbaycandan çıxarılsın. Bunu azərbaycanlı hərbçilərin böyük itkisi və ölkəyə imic zərbəsilə etmək olardı, belə ki,  Ermənistan və onun xarici havadarları bizi etnik təmizləmənin günahkarı kimi təqdim edərdilər.

Bizə Qarabağdan 20 min silahlı erməninin (N.Paşinyanın rəqəmləri) çıxarılması üçün kompromis lazım idi. Orada onların ağır hərbi texnikası qalmışdı, onu da oradan çıxarmaq lazım idi. Türkiyən Monitorinq Mərkəzi ona görə lazımdır ki, Rusiyanın erməni canlı qüvvə və texnikasını çıxamasına nəzarət etsin, ermənilərin gizli sığınacaqlarda tankları, minaatanları və digər müharibə vasitələrini gizlətməsinlər”, - deputat davam edib.

“Biz qalib gəldik, xalq baş verənləri birmənalı şəkildə qəbul etdi, biz bunu Azərbaycan küçələrində kütləvi bayram tədbirləri ilə gördük. Əhali Rusiyaya inanmır. Rusiyanın hərəkətlərini daha yaxından müşahidə etməyin və məhdudlaşdırmağın lazım gələcəyi şübhə doğurmur. Bu məsələdə tərəfdaşlığımız Türkiyə ilədir, bu ölkənin monitorinqi və sülhməramlılığı Rusiyanın özü üçün adi hal olan bütün hadisələri birtərəfli qaydada öz maraqları çərçivəsində interpretasiya etməsini balanslaşdıracaq və məhdudlaşdıracaq.

Lavrov isə öz ampluasındadır, problem yaradır, sonra sehrbaz çevikliyilə onların həllilə bağlı imtitasiya edir. Rusiya ATƏT-in Minsk Qrupunun arxasından Qarabağa dair saziş bağladı. Sonra anladı ki, tək hərəkət edə bilməyəcək, Qarabağın statusu məsələsini həll etmək üçün Azərbaycana təzyiq göstərilməsi məqsədilə ATƏT-in Minsk Qrupu həmsədrlərini Moskvaya dəvət etdi. Bundan ötrü Minsk Qrupu yaradılıb.

Lavrov bundan sonra da ikimənalı bəyanat verəcək. Biz Lavrovun bu cür hərəkətlərinə cavab verməyi öyrənmişik və deyək ki, ATƏT-in Minsk Qrupu bağlanmır, üçlük, bu quruma həmsədrlik özünü doğrultmadı və dayandırılmalıdır. Biz Qarabağ hadisələri, ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı hər şey haqda Minsk Qrupunu özümüz müstəqil məlumatlandırmaq iqtidarındayıq.

Lavrov Dağlıq Qarabağın subyekt olmasını hansısa formada ifadə etməyə çalışır. Bunu gözləmək lazım idi. Bu, Azərbaycanın diplomatik fəaliyyət müstəvisidir və biz onlara cavab verməyi çoxdan öyrənmişik. Hələliksə Lavrovun dedikləri bizim qarşımızda duran ən mürəkkəb məsələ deyil. Hələlik Lavrovun sözləri ancaq sözdür", - R.Musabəyov fikrini yekunlaşdırıb.

Politoloq İlqar Vəlizadə Turan-a bildirib ki, Rusiya, ABŞ və Fransa üçün Lavrovun söylədikləri terminlər inersiya üzrə qalır. "Dağlıq Qarabağ" anlayışına xüsusi siyasi məna yükləmək olmaz. Birgə iş prosesində terminoloji məsələ, terminlərin məna yükü razılaşdırılacaq. Hazırda Dağlıq Qarabağın statusu haqda danışmaq olmaz, Lavrov deyib ki, Dağlıq Qarabağın statusu bu günün gündəliyi deyil. Reallığın təsiri altında terminlərə münasibət dəyişəcək,  çünki rəsmi Bakı Qarabağda əvvəlki status-kvonun qaytarılmasının mümkün olmadığını bəyan edib, - İ.Vəlizadə bildirib.

"Türkiyə tərəfi ilə məsləhətləşmələr davam edir. Lavrov türklərin dislokasiyası haqda danışanda Şoyqu və Hulusi Akar Ankarada danışıqlar aparırdılar. Onlar mübahisəli məsələlərlə bağlı razılığa gələcək, razılaşmalar prezidentlər tərəfindən təsdiqlənəcək və o zaman Lavrovun ritorikası dəyişəcək. Ən yaxşısı bəyanatlara yox, vasitəçilərin hərəkətlərinə diqqət yetirməkdir ", - İ.Vəlizadə deyib.

O, Azərbaycan ictimaiyyətinə şübhələrlə tələsməməyi təklif edir. İnsanları "xam" informasiya alır, qeyri-rəsmi şəbəkə kanallarının kadrlarına baxır. Şəbəkələrdə yayılan ayrı-ayrı və şübhəli məlumatlardan nəticə çıxarmaq düzgün deyil. Qərarlar və onların icrasından düzgün nəticə çıxarmaq son nəticəni gözləməkdir, belə ki, aralıq bəyanatları və hərəkətlərə əsaslanan nəticələr sonrakı hadisələrlə təkzib edilə bilər.

Əsas onu bilmək lazımdır ki, Qarabağda hadisələr Azərbaycan, Rusiya və Türkiyə tərəfindən reallaşır. Biz, üç ölkə fəal içraçılarıq. Uduzmuş tərəf kimi Ermənistana məlum sazişin passiv iştirakçısı, icraçısı rolu verilib. Hər şey Rusiya, Azərbaycan və Türkiyənin öz aralarında necə razılığa gəlməsindən asılıdır", - İ.Vəlizadə açıqlama verib.

Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev də Turan-ın suallarını cavablandırıb.

Lavrovun "Dağlıq Qarabağ" tərifini izah edən ekspert deyib ki, bu toponim tərəflərin əvvəllər və gələcəkdə imzaladığı sənədlərdən kənarda müəyyənləşdirilə bilməz. O cümlədən noyabrın 13-də V.Putinin imzaladığı Dağlıq Qarabağda humanitar məsələlərin həllinə və mülki infrastrukturun bərpasına yardım məqsədilə idarələrarası humanitar reaksiya Mərkəzinin yaradılması haqda sənəd.

"Ümid edirəm ki, sənədlərdə "DQR" adı çəkilməyəcək. Hesab etmirəm ki, Lavrovun fikirlərində pis niyyət axtarmaq lazımdır. Heç kim Dağlıq Qarabağı Azərbaycandan ayırmaq niyyətində deyil. V. Putinin təsdiq etdiyi Mərkəz yalnız Azərbaycanla və regional, beynəlxalq donorlarla işləyəcək. Müvafiq olaraq Mərkəz Azərbaycan strukturları və nəqliyyat qovşaqları vasitəsilə hərəkət edcək,  ona görə də Qarabağda işlərin Azərbaycanın nəzarətindən çıxarılacağını düşünərək narahat olmaq lazım deyil", - Karavayev qeyd edib.

Putin və Ərdoğan humanitar əməkdaşlıq missiyası üzrə prinsipial qarşılıqlı anlaşma əldə ediblər. Əliyev bu razılaşmanı təqdir edir. Dərhal sənədi imzalamaq çox çətindir. Suriyada qarşılıqlı fəaliyyətlə bağlı Rusiya və Türkiyə bir neçə ay ərzində razılığa gəldilər. Buna görə də indi mətbuatda indi uyğun olmayan, absurd yazıların getməsi təəccüblü deyil. Səbr etmək və nəticəni gözləmək lazımdır. Düşünürəm ki, uzun müddət gözləmək lazım olmayacaq, - o deyib.

"Yeganə məsələ odur ki, Türkiyə Monitorinq Mərkəzinin necə olacağı barədə anlayışımız yoxdur. Onun tərkibi məlum deyil, orada ordu qüvvələri olacaq, yoxsa yalnız türk polisi. Bu qüvvələrin yerləşməsi müzakirə olunur. Suriyada patrullaşma təcrübəsindən çıxış edərək aydındır ki, ruslar və türklər müxtəlif yerlərdə olacaqlar. Anladığım kimi, ruslar Qarabağ perimetri daxilində, türklər isə xaricində olacaqlar. Belə sxem monitorinqin həyata keçirilməsinə və ciddi insidentlərdən qaçmağa imkan verəcək. Azərbaycan öz təhlükəsizliyini ikiqat təmin edib. Yaradılan qurum ATƏT-in Minsk Qrupunun monitorinq qrupundan daha çoxsaylıdır və ona Azərbaycan tam nəzarət edir.

Azərbaycanlıların şərhlərini oxuyanda vətəndaşların narahatlığını görürəm. İ.Əliyevin bir neçə il ərzində, xüsusilə də müharibə aylarında verdiyi müsahibələri diqqətlə oxumaq lazımdır.

Müharibə travma almış vətəndaşlar Dağlıq Qarabağda ermənilərin qalacağı, onlar üçün qapıların bağlı olmaması barədə prezidentin dediklərini anlamırlar. Rəsmi Bakı hər zaman hərbi cinayətkarları dinc əhalidən dəqiqliklə ayırıb. Günahsız insanlar Qarabağda yaşamaq hüququndan məhrum edilməyəcəklər. Ermənistanda isə ermənilərin Qarabağa qaytarılması prosesini ləngitməyə çalışırlar, çünki azərbaycanlıları günahlandıraraq humanitar fəlakət mənzərəsini göstərmək Yerevana sərfəlidir. Burada BMT Qaçqınlar üzrə Ali Komissarlığın və digər beynəlxalq təşkilatların iştirakı yerinə düşür", - A. Karavayev müsahibəsini bitirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun