Bakıda meyvə-tərəvəz satışıyla məşğul olmuş Bünyad Məmmədov deyir ki, heç bir cinayət törətmədiyi halda 2 il 2 ay həbsdə qalıb. Onun sözlərinə görə, istər istintaq dövründə, istərsə də birinci instansiya məhkəməsində işinə baxılanda təqsirsiz olduğunu sübut etmək üçün özü də, vəkili də çox çalışıb. Amma onların dediklərinə, ortaya qoyduqları sübutlara əhəmiyyət verilməyib.
B.Məmmədov külli miqdarda narkotik saxlama ittihamıyla həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 6 il 6 ay həbs cəzası kəsilib. Amma Bakı Apellyasiya Məhkəməsi noyabrın 24-də onun haqqındakı hökmü ləğv edib, bəraətverici əsaslarla cinayət işinə xitam verilib.
B.Məmmədov üç azyaşlı uşaq atasıdır. Deyir ki, qazanc arxasınca İmişlidən paytaxta gəlib. Bakıda yaşamağa şərait olmadığına görə ailəsini də İmişlidə qoyub. Özü gecəsi 2-3 manata kirayə qalmaqla, "8-ci kilometr bazarı"nda meyvə-tərəvəz satıb, dolanışıq üçün ailəsinə göndərirmiş.
Onu 2018-ci il sentyabrın 28-də Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları tutub. İddia olunur ki, bölmədə üstünə baxış keçiriləndə cibindən 251 qram heroin tapılıb.
39 və 25 cinayət işində hal şahidi
B.Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılanda vəkili Anar Məmişov xeyli vəsatətlər qaldırıb ki, müvəkkilinin təqsirsizliyini sübut etsin - 24-cü polis bölməsindən kamera görüntülərinin alınıb baxılması, xətşünaslıq ekspertizasının keçirilməsi, bu işdə hal şahidi kimi çıxış edənlər haqda əlavə məlumatların iş materiallarına əlavə olunması... Amma məhkəmə 10-dan çox vəsatətdən yalnız birini təmin edib. İşin istintaqını aparmış Nizami rayon Polis İdarəsinin müstəntiqi məhkəmədə dindirilib. O da sualların bir çoxuna "xatırlamıram" cavabını verib.
Hal şahidlərindən Rəhbər Hüseynov məhkəmədə deyib ki, 24-cü polis bölməsinin qarşısından keçəndə polislər onu çağırıb, bir işdə şahidlik etməsini istəyiblər, o da razılaşıb. Dediyinə görə, ömründə ilk dəfə hal şahidliyi edib. Bölmədə B.Məmmədovun şalvarının cibindən narkotik maddə çıxdığını da öz gözü ilə görüb.
Digər hal şahidi Vaqif Məmmədov da oxşar ifadə verib.
Amma vəkil məhkəmədə konkret hökmlər, ittiham aktları ortaya qoyaraq sübut edib ki, R.Hüseynov 39 cinayət işində, V.Məmmədov isə 25 cinayət işində hal şahidi qismində iştirak edib. İki işdə isə birlikdə eyni missiyanı yerinə yetiriblər. Onların hal şahidi kimi dindirildiyi işlər paytaxtın müxtəlif rayon məhkəmələrində, bir qismi də Bakı Ağır Cinayətlər Məhkəməsində olub.
Dindirmə vaxtı telefonu Pirallahıda olub
Vəkil bu adamların davamlı hal şahidliyi etdiklərinin sübutu kimi həmin hökmlərin iş materiallarına əlavə olunması barədə vəsatət versə də, Bakı Ağır Cinayətlər Məhkəməsində qəbul edilməyib. Apellyasiya instansiyasında isə onları işə əlavə ediblər.
Vəkilin daha bir vəsatəti hal şahidlərinin həmin ərəfədə mobil telefon nömrələri ilə bağlı anten məlumatlarının alınması olub. Bakı Apellyasiya Məhkəməsi bu məlumatları alıb. Məlum olub ki, dindirmə protokolunda R.Hüseynovun Nizami rayon Polis İdarəsində hal şahidi qismində ifadə verdiyi qeyd olunan vaxtda onun telefonu Pirallahı ərazisində olub.
B.Məmmədov tutularkən 24-cü polis bölməsində təzyiqə məruz qaldığını deyir. Onun sözlərinə görə, bölmədə müdafiəçi ilə təmin olunması haqda iş materiallarında yazılanlar da yalandır. Tutulması barədə ailə üzvlərinə də heç bir məlumat verilməyib.
Həbsdən buraxılan B.Məmmədovun indi istəklərindən biri də onun 2 ildən çox həbsdə qalmasına səbəb olan şəxslərin, o cümlədən işini düzgün araşdırmayıb ədalətsizlik edənlərin cəzalandırılmasıdır.