Ömürlük cəzaya məhkum edilənlər əsasən ordu komandanlığının təmsilçiləri, 15 iyul gecəsi hökumət obyektlərinə zərbə endirmiş pilotlardır
Türkiyədə 2016-cı ilin uğursuz çevriliş cəhdinə görə 500-cən şəxsə hökm oxunub. Onlarla təqsirləndirilən ömürlük cəzaya məhkum edilib. Bu haqda “Reuters” yazır.
Ömürlük cəzaya məhkum edilənlər əsasən ordu komandanlığının təmsilçiləri, 15 iyul gecəsi hökumət obyektlərinə zərbə endirmiş pilotlardır.
Azadlığa çıxma şansları yoxdur
“Anadolu” agentliyinin məlumatına görə, ömürlük həbs cəzası alanlar sırasında keçmiş polkovnik, Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) komandanlığının katibi olmuş Veysel Kavak da var. Ona 79 il həbs cəzası kəsilib. HHQ-nın keçmiş mayoru Əli Qarabulut və keçmiş hərbi pilot Hüseyn Türk də oxşar cəzaya məhkum ediliblər.
Ömürlük həbs Türkiyə məhkəmələrinin kəsdiyi ən ağır cəzadır, bu şəxslərin nə vaxtsa həbsdən çıxmaq şansları yoxdur.
Məhkəmə çevriliş cəhdi işinin bir epizodu üzrə ittihamlara baxırdı. Söhbət Ankara yaxınlığında Akıncı aviabazasının tutulmasından gedir. O zaman Prezident Recep Tayyip Erdoğana loyal komandirlər, eləcə də indiki müdafiə naziri Hulusi Akar girov götürülmüşdülər. Çevriliş cəhdi yatırdılandan sonra onlar azad edildilər.
Hava qüvvələrinin keçmiş komandiri Akin Öztürk və Akıncı bazasında digər vəzifəlilər çevriliş cəhdini idarə etməkdə, parlament daxil olmaqla hökumət binalarını bombalamaqda, Erdoğanı öldürmək cəhdində ittiham olunublar.
Təmizləmə əməliyyatı
15 iyul hadisələri zamanı 250-yə yaxın ölən olub. Hərbçilərin Erdoğanı devirmək cəhdi uğursuzluqla nəticələnib. Türkiyə hakimiyyəti ABŞ-da yaşayan vaiz Fətulla Gülen tərəfdarlarını bu çevriliş cəhdinin təşkilində ittiham edirlər. Gülenin işi ayrıca icraata götürülüb, Türkiyə ABŞ-ın onu ekstradisiya etməsinə çalışır.
Ümumilikdə Türkiyədə Gülenə, yaxud çevriliş cəhdinə bağlılıqda şübhəli bilinən 100 mindən çox insan həbs olunub, dövlət aparatı və orduda irimiqyaslı təmizləmələr aparılıb. 150 min dövlət qulluqçusunun işdən çıxarıldığı, 20 min nəfərin orduda qovulduğu bildirilir.
Məhkəmələr 2500-dən artıq ömürlük həbs cəzası çıxarıblar.
79 yaşlı Gülen vaxtilə Erdoğanın müttəfiqi olub, çevriliş cəhdində rolu olmadığını deyir.
Aradan dörd il keçməsinə baxmayaraq, daimi olaraq Gülenlə əlaqələrdə şübhəlilərə qarşı polis əməliyyatları aparılır.