Canlı bloq: "Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb" - [yenilənir]

Canlı bloq: "Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb" - [yenilənir]
7 Noyabr 2020
Mətni dəyiş

18:14

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi ziyan vurulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu istiqamətindəki 37-ci atıcı diviziyanın 4-cü motoatıcı alayının müdafiə sahəsindəki minaatan batareyasına endirilən artilleriya zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib.

Alayın gücləndirilməsi məqsədilə buraya gətirilən və içərisində könüllülər olan avtobus qəzaya uğrayıb. Nəticədə 30 nəfərədək ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin xəsarət aldığı məlum olub.

62-ci artilleriya briqadasının 4-cü reaktiv divizionunun atəşə tutulması nəticəsində 1 BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb, şəxsi heyət arasında ölən və yaralanan var. 17:59

Ermənistan silahlı qüvvələrinin bölmələri Bərdə rayonunun Əyricə kəndini atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nəticədə bir nəfər kənd sakini həlak olub. 16:54

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini paylaşıb.

Həmin görüntüləri təqdim edirik:

[embed]https://youtu.be/2wlZINRIDzo[/embed]

16:23

Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı xəbər təxribat xarakterli dezinformasiyadır.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Əksinə Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan ərazisindən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusu bölmələrinin mövqelərini gün ərzində intensiv atəşə tutub. Ordumuz yalnız sərhədlərimiz çərçivəsində düşmənin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görür. Bir daha bildiririk ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur", - məlumatda vurğulanıb. 13:51

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutur.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür. 11:05

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ağdam rayonunun Çullu və Çıraqlı kəndləri artilleriya atəşinə tutulur.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür. 10:57

Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən fasilələrlə atəşə tutulması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər tamamilə həqiqətə uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb", - məlumatda bildirilib. 10:40

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədinin Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür. 09:16

Cəbhədə gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq məhv edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüşlər başlayandan indiyədək canlı qüvvə sarıdan xeyli itkiyə məruz qalan düşmən xüsusi təyinatlılarını gücləndirmək məqsədilə bir müddət əvvəl onlara könüllülər və yerli sakinlər də qoşulub. Buna baxmayaraq, son döyüşdə ağır itkilər verən xüsusi təyinatlılar mövqelərindən çəkilmək məcburiyyətində qalıb.

Daxil olan məlumata görə, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən 178-ci əlahiddə kəşfiyyat taboru da döyüşlərdə ölü və yaralı olaraq şəxsi heyətinin yarısını itirib. 09:10

Noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir. Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib.

Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılıb.

Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayın 1-ci taboru bölmələrinin şəxsi heyət arasında itkilər var. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb. Hazırda cəbhənin bütün istiqamətlərində döyüş əməliyyatları davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun