Bu gün Milli Məclisin Regional məsələlər komitəsində işğaldan azad olunan bir sıra kəndlərin adlarının dəyişdirilməsi ilə əlaqədar iclas keçirilib.
Rəsmi məlumata görə, iclasın gündəliyinə prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanun layihələri” daxil edilib.
Layihələrə əsasən Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi, Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi isə Hünərli kəndi adlandırılır.
Rəsmi açıqlamada deyilir ki, Quşçubaba kəndinin adı dəyişdirilərək həm coğrafi baxımdan həm də Azərbaycan leksikonuna uyğun olaraq ölkə prezidentin təşəbbüsü ilə Baharlı adı verilib: "Bu, Azərbaycanın zəfərini ifadə etmək baxımından böyük önəm daşıyır".