"32 il əvvələ - münaqişənin başlanğıc nöqtəsinə, DQMV dövrünə qayıtdıq. Sadəcə, bu dəfə statussuz" Bu sözləri politoloq Şahin Cəfərli 9 noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan sənədi şərh edərkən bildirib. Şahin Cəfərli deyir ki, rəsmi muxtariyyət statusunun olmaması yaxşıdır. Anladığım qədərilə bütün itirdiyimiz torpaqlarda Azərbaycanın suverenliyi bərpa edilir, Naxçıvanla (həm də Türkiyə ilə) aramızda dəhliz yaranır, bu da çox yaxşıdır. Amma bu anlaşma ilə Rusiya rəsmən Azərbaycana qayıtmış oldu. Onun sözlərinə görə, bu, Azərbaycanın son 28 ildə yeritdiyi xarici və milli təhlükəsizlik siyasəti ilə kəskin təzad təşkil edir və bir dövlət olaraq müstəqilliyimizin, suverenliyimizin müəyyən qədər məhdudlaşdırılması deməkdir. "Ərazimizdə artıq 470 ədəd hərbi texnikası, 1960 əsgəri olan Rusiya hərbi mövcudiyyəti (bazası) var. Bu, Azərbaycanın son 28 ildə yeritdiyi xarici və milli təhlükəsizlik siyasəti ilə kəskin təzad təşkil edir və bir dövlət olaraq müstəqilliyimizin, suverenliyimizin müəyyən qədər məhdudlaşdırılması deməkdir. Ermənistanla bütün kommunikasiyalar açıldıqdan sonra yəqin ki, Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (bəlkə hətta ODKB-yə) qoşulması məsələsini də qaldıracaq. Rusiya ordusunun sülhməramlı adı ilə bura gəlməsi təhlükəsi hər zaman ağlımızın bir küncündə var idi, amma bu fikri şəxsən yaxına buraxmadığım üçün təhlillərim əksəriyyət etibarilə yanlış çıxdı. Bununla yanaşı, müharibə başladıqdan sonrakı ilk yazılarımın birində Azərbaycan və Rusiya, yaxud Azərbaycan, Rusiya və Türkiyə arasında hansısa razılaşmanın ola biləcəyini ehtimal kimi qeyd etmişdim", - deyə politoloq qeyd edib. Şahin Cəfərli bildirib ki, bəzi dostlar yazır ki, sülhməramlılar 5 il qalacaq, 5 il sonra biz razı olmasaq, çıxacaqlar. Əziz dostlar, bu, Rusiyadır, çıxmıram desə, necə çıxaracağıq, onunla müharibə etməklə? Və təminat varmı ki, biz "çıxın" desək, Rusiya münaqişəni yenidən alovlandırmayacaq və vaxtilə 366-cı alayın etdiyi kimi, yenə onları silahlandırmayacaq? Uzun sözün qısası, 366-cı alay getdi, yerinə 15-ci briqada gəldi.