"Bu anlaşma ilə hər iki tərəf məsələnin taleyini Rusiyanın insafına buraxmış olub" - Şahin Cəfərli

"Bu anlaşma ilə hər iki tərəf məsələnin taleyini Rusiyanın insafına buraxmış olub" - Şahin Cəfərli
12 Noyabr 2020
Mətni dəyiş
"10 noyabr tarixli üçtərəfli bəyanatda bu barədə heç nə yoxdur. Orada - 3-cü maddədə bildirilir ki, Dağlıq Qarabağdakı təmas xəttində (xortladı bu termin) və Laçın dəhlizi boyu Rusiya sülhməramlı kontingenti yerləşdiriləcək. 5-ci maddədə atəşkəsə nəzarət üzrə Sülhməramlı Mərkəz yaradılması nəzərdə tutulur, Türkiyə təmsilçiləri məhz bu qurumda çalışacaqlar. Yəni əsasən ofisdə oturacaqlar və belə başa düşürəm ki, fiziki olaraq təmas xəttinin yalnız bəri (bizim) tərəfində müşahidə apara bilərlər. Rusiya tərəfinin bildirdiyinə görə, Sülhməramlı Mərkəz Qarabağda yerləşməyəcək". Bu sözləri politoloq Şahin Cəfərli bildirib. Siyasi şərhçi deyir ki, adından da göründüyü kimi, bu Mərkəz atəşkəsə nəzarət edəcək, pozulmamasına çalışacaq. "Yəni Mərkəzin hansısa siyasi missiyası və səlahiyyəti, tutaq ki, Xankəndi başda olmaqla, Rusiya sülhməramlılarının nəzarətində qalacaq ərazilərdə yerli idarəetmənin təşkili, təhlükəsizlik kimi məsələlərdə hər hansı rolu olmayacaq. Təmas xəttində rus əsgərləri dayanacağı üçün atəşkəsin ciddi şəkildə pozulması ehtimalı da yoxdur. Ehtiyac görsə, Rusiya özü hansısa məqsədini həyata keçirmək üçün atəşkəsin pozulması provokasiyasını rahatlıqla təşkil edə bilər", - deyə politoloq Şahin Cəfərli bildirib. Şahin Cəfərli deyir ki, istəsək, təmas xəttinin biz tərəfində Türkiyə hərbi kontingentini yerləşdirə bilərik, məncə, buna hər hansı hüquqi əngəl yoxdur. Cəfərli əlavə edir ki, amma bizi maraqlandıran əsas məsələ təmas xəttinin qarşı tərəfində yaranacaq status-kvodur. Azərbaycan əsgərləri həmin ərazilərə daxil ola bilməyəcək, bu, aydındır. Bəs, orada Azərbaycan dövlətinin suverenliyi hansı şəkildə təmin olunacaq, ümumiyyətlə, tam şəkildə təmin olunacaqmı? "Bu məsələlər (siyasi və texniki detallar) yəqin ki, hazırlanacaq sülh sazişində yer alacaq. Bunun üçün yeni bir danışıqlar prosesi başlayacaq. Rusiya artıq ərazidə öz hərbi mövcudluğunu təmin etdiyi üçün masada onun rolu və təsiri daha da artmış oldu. Rusiya çox geniş manevr imkanları qazanır və moderator kimi prosesin fövqündə dayanmaq imkanı əldə edir. Yəni bu anlaşma ilə hər iki tərəf məsələnin taleyini Rusiyanın insafına buraxmış olub", - deyə politoloq Şahin Cəfərli bildirib. Ekspert müharibədəki məğlubiyyətlərinə baxmayaraq yeni danışıqlarda da erməni tərəfindən konstruktiv mövqe gözləmir. "Belə olan halda təminat varmı ki, proses yenə uzanmayacaq və qarşıdakı 5 ildə həll olunub, bitəcək? Bu sualın dəqiq, birmənalı cavabını yəqin ki, yalnız Moskvada bilirlər. Problemin yekun həllinin açarı yenə onlardadır, sadəcə olaraq, köhnə açarı yenisi ilə dəyişdilər".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun