BMT Baş Katibi Azərbaycan, Ermənistan və Rusiya arasında Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanatın imzalanmasını razılıq hissi ilə qarşılayır. Bu barədə BMT Baş Katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərin suallarını cavablandırarkən bildirib. O, BMT-nin razılaşmaya dəstək məqsədilə bütün tərəflər və Minsk Qrupunun həmsədrləri ilə əlaqə saxladığını qeyd edib.
“Düşünürəm ki, bizim diqqətimiz daim mülki insanların rifahı, humanitar yardım və insan həyatının qorunmasına yönəlib. Və biz indi buna Minsk Qrupunun həmsədrlərinin əvvəlki vacib səylərinə uyğun olaraq nail olunacağına ümid edirik,” o bildirib.
Stefan Dujarrikin sözlərinə görə, BMT və BMT-nin Qaçqınlar Agentliyi razılaşmanın əldə edilməsi ilə bağlı müzakirlərdə iştirak etməyib, lakin agentlik razılaşmanın şərtlərinin dəstəklənməsi səylərini müzakirə etmək üçün Rusiya və digər ölkə rəsmiləri ilə əlaqə saxlayır.
“Beləliklə, biz elementləri nəzərdən keçiririk, lakin beynəlxalq humanitar hüquqa, insan hüquqlarına dair beynəlxalq hüquqa hörmət edilməsi hər şeydən üstündür,” Stefan Dujarrik əlavə edib.
Bu arada Birləşmiş Ştatlar Azərbaycan, Ermənistan və Rusiya arasında Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatla bağlı məlumatlandırıldığını bildirib, lakin detallara toxunmayıb.
ABŞ Dövlət Departamentinin sözçüsü razılaşmaya ABŞ-ın reaksiyası ilə bağlı Amerikanın Səsinin sualını cavablandırarkən Birləşmiş Ştatların bundan əvvəlki bəyanatlarında Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca zorakılığın artmasını ən sərt şəkildə qınadığını və insan həyatlarının itirildiyinə görə təəssüfünü ifadə etdiyini qeyd edib.
"Biz Rusiyanın vasitəçiliyi ilə döyüşlərin dayandırılması barədə əldə edilən razılıqla bağlı məlumatlandırılmışıq və bu yeni razılaşma formalaşdığı zaman onun detalları və reallaşdırılması planları ilə bağlı daha çox məlumat almaq bizim üçün maraqlıdır."
Sözçü ABŞ-ın zorakılıqların dayandırılmasından məmnun qaldığını bildirib. "Atəşkəsin konkret detalları və ya sonrakı addımlar barədə hələlik açıqlama verə bilmərik," o, əlavə edib.
Birləşmiş Ştatlar keçən ay sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunlarının Dağlıq Qarabağ və onun ətrafındakı təmas xəttində intensiv döyüş əməliyyatlarının başlanmasından sonra atəşkəsə nail olunması istiqamətində səylərini gücləndirib.
Dövlət Katibi Maykl Pompeo oktyabrın 23-də Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrı görüşlər keçirib.
ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan ABŞ oktyabrın 25-də Azərbaycan və Ermənistan hökumətləri ilə atəşkəsə dair birgə bəyanat yayıb.
Bundan öncə, oktyabrın 10-da Rusiyanın, oktyabrın 17-də Fransanın təşəbbüsü ilə humanitar atəşkəs razılığı olub. Bu razılaşmalara baxmayaraq aktiv hərbi əməliyyatlar davam etdirilib.
ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmsı üzrə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələridir.