Belarusda mindən çox etirazçı saxlanıb

Belarusda mindən çox etirazçı saxlanıb
9 Noyabr 2020
Mətni dəyiş

“Vyasna” insan haqları qrupu noyabrın 8-də təhlükəsizlik qüvvələrinin 1024 etirazçını saxladığını bildirir

Belarusda hökumətə qarşı 13-cü bazar günü nümayişlərində mindən çox etirazçının saxlandığı xəbər verirlər. Etirazçılar Alyaksandr Lukaşenkanın istefasını, yeni prezident seçkisi keçirilməsini tələb edirlər.

“Vyasna” insan haqları qrupu noyabrın 8-də təhlükəsizlik qüvvələrinin 1024 etirazçını saxladığını bildirir. Sosial mediada yayılmış video və fotolarda mülki geyimli şəxslərin nümayişçiləri yerə yıxdığı, polis maşınlarına mindirdiyi görünür.

Azı 6 jurnalist saxlanıb

Həbslərin əksəriyyəti paytaxt Minskdə həyata keçirilib. Minlərlə nümayişçi Demokratiya Yürüşünə çıxaraq müxalifətin simvoluna çevrilmiş ağ-qırmızı bayraqlar qaldırıblar.

Təhlükəsizlik qüvvələri bir sıra küçələri, şəhər mərkəzini bağlayıb.

Səhərdən başlayaraq Minskdə internet məhdudlaşdırılıb, şəhər mərkəzində bir sıra metro stansiyaları yürüşdən bir saat öncə “sərnişin təhlükəsizliyi”ni əsas gətirərək qapadılıb.

Digər şəhərlərdə də etiraz yürüşlərində saxlananların olduğu bildirilir. Azı 6 jurnalistin saxlandığı xəbər verilir.

“Vyasna” saxlananlardan bəzilərinin sonradan buraxıldığını açıqlayıb.

Belarusu 26 ildir idarə edən Lukaşenka 9 avqust seçkisinin qalibi elan ediləndən sonra ölkəni etirazlar bürüyüb. Müxalifət seçkinin saxtalaşdırıldığını deyir, Qərb onun nəticələrini tanımayıb.

Sanksiyalar tətbiq olunub

Nümayişlərdə minlərlə etirazçı saxlanıb. Müxalifət liderlərinin çoxu ya həbs olunub, ya da ölkədən çıxmağa vadar edilib.

Avropa Birliyi Belarusun Lukaşenka daxil 55 yüksək rütbəli məmuruna viza qadağaları tətbiq edib, aktivlərini dondurub.

Ötən həftə açıqlanmış hesabata görə, Belarusda prezident seçkisindən öncə və sonradan “kütləvi və sistematik” insan haqları pozuntuları baş verib. Pozuntular sırasında seçki saxtakarlığı, polis zorakılığından aşırı istifadə, sistematik işgəncə, eləcə də dinc etirazçıların kütləvi həbsi göstərilir.

Hesabatı ATƏT-in dəstəyi ilə müstəqil ekspert hazırlayıb. Hesabatda yeni seçki keçirmək, siyasi məhbusların hamısını azadlığa buraxmaq, işgəncə və pis rəftar iddiaları üzrə müstəqil təhqiqat aparmaq çağırışları yer alıb.

“21-ci əsrdə Avropa qitəsində bu cür davranışın baş verməsi həqiqətən sarsıdıcıdır”, – ABŞ-ın ATƏT-dəki səfiri Ceymz Gilmor deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun