Baş infeksionist: “Hesab edirəm ki, pik nöqtəyə gəlib çatırıq"

Baş infeksionist: “Hesab edirəm ki, pik nöqtəyə gəlib çatırıq"
16 Noyabr 2020
Mətni dəyiş
"Hesab edirəm ki, pik nöqtəyə gəlib çatırıq. Pik nöqtəyə çatanda yoluxma sayları yüksək rəqəmlərlə davam edəcək, xəstəlikdən sağalanların sayı da artacaq”.
Koronavirusla bağlı danışan baş infeksionist Təyyar Eyvazov "APA”ya belə deyib.
Onun sözlərinə görə, bir müddət stabilləşmə dövrü davam edəcək, ondan sonra karantin tədbirlərinin lazımi səviyyədə yerinə yetirildiyi təqdirdə azalmalar olacaq:  "Nə vaxt olacağını demək çətindir. Yəqin ki, noyabrın sonları və dekabr ayı bu suala müəyyən aydınlıq gətirər. Proqnoz vermək çətindir”.
Teymur Eyvazov bildirib ki, maska taxmaq, məsafə saxlamaq, əl gigiyenası və asqırıb, öskürəndə ağzın bağlanması və təmasların minimuma endirilməsi hələlik ən effektiv yoldur: "Əhali yeni koronavirusa qarşı kütləvi peyvənd olunduqda kollektiv immunitet yaranacaq, onda xəstəliyə yoluxma sayı idarə olunacaq, yoluxmalar kifayət qədər aşağı olacaq. Amma bu, indi deyil, yəqin ki, yaydan sonra olacaq".
O Rusiya, ABŞ və digər ölkələrdə peyvəndlərin kliniki sınaqlarının getdiyini deyib: "Amma müəyyən vaxt lazımdır ki, bu sınaqlar çox sayda insanları əhatə etsin və onun nəticələri öyrənilsin ki, peyvəndlərin nə qədər təsirli və təhlükəsiz olması müəyyən edilsin. Bundan sonra bizim ölkə də hansısa beynəlxalq tövsiyə olunmuş peyvəndi əldə edəcək. Gələn il bu vaxt çox güman ki, artıq müəyyən məsələlər həll olunacaq. Ən yaxın müsbət proqnoz bundan ibarətdir”.
Baş infeksionistin sözlərinə görə infeksiyanın gediş xüsusiyyətlərinin dəyişməsi üçün virus kifayət qədər dəyişməli, əsaslı mutasiyaya uğramalıdır: "Belə qısa vaxtda bu, baş verə bilməz. Qrip virusu ilə müqayisədə koronavirus daha davamlı virusdur. Dəyişiklik üçün ən azı 1-3 il vaxt lazımdır. İnsanlar düşünürlər ki, virus dəyişəcək, digərləri kimi olacaq və artıq buna əhəmiyyət verilməyəcək. Ola bilər bu baş versin, çox güman ki, baş verəcək də. Amma indi yox, az vaxt keçib”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun