Müharibənin bitdiyi xəbəri elan ediləndən Bərdədən köç başlayıb: Tərtərdən, Ağcabədidən, Ağdamın kəndlərindən gəlib bura sığınanlar evlərinə qayıdırlar.
Bərdə icra hakimiyyətinin yaxınlığında qalaqlanmış yun ədyallar, açılıb-yığılan çarpayılar hissə-hissə daşınır. İşçilər bunları aldıqları quruma təhvil verməyə aparırlar.
Sentyabrın 27-dən, İkinci Qarabağ müharibəsi başlayandan sonra Tərtərdən Bərdəyə minlərlə adam gəlib, müharibənin ortalarında bu məcburi köçkünlərə Ağcabədinin, Ağdam kəndlərinin sakinləri də qoşulub: yerli hakimiyyət onları məktəblərə, iaşə müəssisələrinə, şadlıq evlərinə yerləşdirib.
Bərdə icra hakimiyyətinin başçısı Vidadi İsayev BBC News Azərbaycancaya deyir ki, təkcə Tərtərdən 5 min ailə, yəni 20 mindən çox insan bura gəlmişdi, Ağdam kəndlərindən və Ağçabədidən isə uşaqlı-böyüklü 13 min adam Bərdəyə sığınmışdı.
Vidadi İsayev deyir ki, artıq onların çoxu geriyə qayıdır. Amma evləri dağılan və ya yaşamaq üçün təhlükəli vəziyyətdə olanlar hələ ki, Bərdədədir.
Şəhərin 6 nömrəli məktəbi 44 gün məcburi köçkünlərə sığınacaqlıq edən onlarla məktəbdən biri olub.
Məktəb binasının qarşısında onlarla yığılıb-açılan çarpayılar toplanıb: məktəb rəhbərliyi tez bir zamanda onları təhvil verməyə tələsir: "Yağış yağsa, islanacaq,"- işçilərdən biri deyir.
Direktor Elşad Məmmədov deyir ki, məktəbdə 40 gündən çox qalan 92 ailədən indi 4-ü qalıb.
Binanın şüşəli divarında diqqəti ilk Covid 19, müharibədə davranış və mərmilərdən qorunma qaydaları yazılan plakatlar çəkir.
Qarderobda onlarla yorğan-döşək qalaqlanıb. Elşad Məmmədov deyir ki, dövlət qurumları xəttiylə məktəbə sığınanların ehtiyacları qarşılansa da, yerli əhali də öz köməyini əsirgəməyib: "İnanın, sakinlər yorğan-döşək, paltar, yemək, nə bacarırdılarsa, gətirirdilər".
Birinci mərtəbədə yerləşən bir sinif otağının qapısını döyüb içəri keçirik.
Girən kimi adamı vuran xörək qoxusu, yemək masasını əvəz edən iki partadakı çörək qırıntıları, bulaşıq boşqablar, toyuq sümüyü qalaqlanmış qablar Hacıyevlər ailəsinin yenicə süfrə üstündən qalxdığını göstərir.
Divar boyu açılıb-yığılan çarpayılar, bir tərəfdə pal-paltar və qab-qaşıq yığılıb: 40 gündən çoxdur ki, divarlarından dərs vəsaitləri, yazı taxtası asılan bu sinif otağı ailənin həm yataq, həm yemək, həm də istirahət yeri olub. Müharibənin bitdiyini eşidincə, qonşuları yır-yığış edib dərhal evlərinə gediblər. Onlar da əşyalarını toplayıblar, amma hara gedəcəklərini bilmirlər.
"Evimizə mərmi düşüb, amma partlamayıb, müharibə gedən vaxt ANAMA-nın (Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik -red.) minaaxtaranları gəldi baxdı, tapa bilmədi. Dedilər, texnika gətirməlidir, amma bir ucdan atırdılar, gətirə bilmədilər. Ona görə də evimizə gedə bilmirik, qorxuruq,"- ailənin xanımı Yasəmən Hacıyev deyir.
Onlar həyatının ikinci məcburi köçkünlüyünü yaşayırlar: birinci dəfə 1993-cü ilin yayında Ağdam işğal olunanda onlar evlərindən pərən-pərən düşüblər. Əvvəlcə çadırlarda qalıblar, yaxın illərdə isə Ağdamın Azərbaycanda qalan kəndlərinin birində salınmış qəsəbədə məskunlaşıblar.
"Müharibə başlayandan kəndimiz mərmi altına düşdü. Məcbur qaldıq çıxdıq. Mərmi evin bünovrəsinə düşüb, qorxuruq indi geri qayıtmağa, birdən mərmi açılar, partlayar,"- Məzahir Hacıyev deyir.
Amma ürəyini fərəhləndirən əsas xəbər Ağdamın işğal altında olmuş ərazilərinin tezliklə Azərbaycana qaytarılacağıdır.
"Ordakı evimizin sənədləri, açarı, hər şeyini götürmüşük. Ordan çıxanda mənim 24 yaşım vardı, indi 49 yaşım var, hamının vətəni özünə şirindir, bizə qəsəbədə yaxşı şərait yaradılıb, amma vətən yenə səni çəkir,"- o deyir.
Ailənin bir oğlu hərbçi, digəri müəllimdir. Bu 44 günü ailə təkcə ev-eşik sarıdan yox, həm də övladlarına görə narahat olub: hərbçi oğulları ön xətdə döyüşürdü. "Allah bütün şəhidlərə rəhmət eləsin,"- Yeganə Hacıyeva deyir.
Ailə müharibə başlayana qədər heyvandarlıqla məşğul olub. Kəndi tərk etmək məcburiyyəti yarananda mal-qaranı da özləri ilə Bərdəyə gətirib bir yerə yığıblar.
Toyuq-cücə isə qapıda qalıb: "Arada sakitlik olanda gedib dən verirdim ki, ac qalmasınlar, amma yiyəsiz qaldılar, yırtıcı heyvanlar parçaladı, indi 10-15 toyuq-cücə qalıb".
Ailə mərmi çıxarılana qədər yenə də hardasa müvəqqəti məskunlaşdırılacaq, - Məzahir Hacıyev deyir ki, yerli icra hakimiyyətindən belə bir vəd alıblar.
Mərmi zərərsizləşdiriləndən sonra evlərinə dönə biləcək Hacıyevlər üçün bu son köç olmayacaq: onları daha bir köç də gözləyir, amma bu dəfə geriyə, özünün təbirincə desək, vətəni, doğulub-böyüdüyü Ağdama.
Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan anlaşmaya görə, erməni hərbçiləri noyabrın 20-sinə qədər Ağdamın işğal etdikləri ərazilərini boşaltmalıdırlar.