"Bir neçə gün əvvəl Azərbaycan hərbçiləri Xocavənd rayonunun işğaldan azad edilmiş Azıx kəndindəki evlərdən birinə baxış zamanı üzərində “Azıx” yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar etmələri barədə Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat veriblər. Bununla əlaqədar olaraq institut tərəfindən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və AMEA-nın rəhbərliyi məlumatlandırılıb".
Bu barədə Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli deyib.
Onun sözlərinə görə, məlumat mühüm əhəmiyyət kəsb etdiyi üçün təcili olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi ilə birgə İnstitutun əməkdaşı tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov həmin rayona ezam olunub:
"Yerində baxış zamanı müəyyən olunub ki, bu qutularda işğal müddətində dünya əhəmiyyətli abidə, paleolit dövrünə aid ibtidai insan düşərgəsi olan Azıx mağarasında Ermənistan və digər ölkələrin alimlərinin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tapıntılar qablaşdırılmışdır. Bunların əksəriyyəti qədim fauna qalıqlarıdır. 90-a yaxın plastik qutulardakı bu tapıntılar dünən axşam Bakıya gətirilərək İnstitutun Arxeoloji Fondunda yerləşdirilib".
"Maraqlıdır ki, qutuların birində işğalçıların qanunsuz ekspedisiyasının bəzi çöl-tədqiqat sənədləri aşkar olunub. Görünür, işğalçılar bu tapıntıları özləri ilə birgə Azərbaycan Respublikasından çıxarmağa imkan tapmayıblar. Amma qanunsuz qazıntıların bütün tapıntılarının hamısının burada olub-olmadığı da məlum deyil", - professor bildirib.
N.Müseyibli vurğulayıb ki, bütün bu tapıntılar Arxeologiya və Etnoqrafiya İnstitutunda araşdırılacaq, təhlil ediləcək, bu barədə Azərbaycan Respublikası Prokurorluğuna və geniş ictimaiyyətə ətraflı məlumat veriləcəkdir:
"Alimlərimiz bu işdə əməyi olan hərbçilərimizə və Dövlət Təhlükəsizliyi Xidmətinə dərin təşəkkürlərini bildirirlər".