Psixoloq Azad İsazadə müharibə və koronavirus pandemiyası amilinin insan psixikasına təsirləri ilə bağlı Amerikanın Səsi radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik.
- Müharibə vəziyyəti insanların və cəmiyyətin psixologiyasına birbaşa və dolayısı ilə hansı təsirlər göstərir?
- Müharibə cəmiyyətdə adətən pis hadisə kimi qəbul edilir. Adətən, müharibə başlayanda cəmiyyətin böyük hissəsi müsbət emosiya da keçirə bilər. Azadlıq müharibəsidirsə, vətən müharibəsidirsə və sairə, insanlarda döyüş ruhu yüksəlir və bəzi xroniki narahatlıqlar, hətta xroniki xəstəliklər unudulur. İnsan özünü daha gümrah hiss etməyə başlayır. Amma, bununla paralel, sözsüz ki, itkilər, yaralılar və sairə cəmiyyətdə neqativ emosiyalar da yarada bilir.
- Azərbaycan cəmiyyəti müharibə ilə yanaşı koronavirus pandemiyası ilə üzbəüzdür. Eyni zamanda ölkədə insan psixikasına təsir edən digər amillər də var. Bu amillərin cəmi sosial və siyasi davranışlara necə təsir edir? Cəmiyyətin ümumi psixoloji durumu barədə nə deyə bilərsiniz?
- Mən bəlkə də indi təəccüblü bir fikir səsləndirəcəm. Müharibədən öncə koronavirusun olmasının müsbət təsirləri oldu. Koronavirusdan sonra yaranmış karantinlər camaatı nizam-intizamlı etdi. Birinci karantin dövründə biz nizam-itnizamı güdmürdük, ikinci karantin dövründə daha ciddi yanaşdıq. Gün ərizndə sms-lə (telefonla qısa mesaj xidməti-red)) cəmi iki saat küçəyə çıxan insan üçün indi artıq komendant saatı heç nədir. İnsan indi sutka ərzində saat 21-dən səhər saat 6-dək evdə qalır. Ümumən koronavirusla bağlı yaranmış karantin tələbləri bu halda insanlara müsbət təsir etdi. Biz əvvəldən müharibə olacağını bilmirdik. Bu hal sanki müharibə vəziyyətinə bir hazırlıq oldu. Bununla yanaşı, koronavirus fizioloji baxımdan müharibəyə çox maneə olur. Biz başa düşürük ki, müharibə şəraitində, əsasən də atəşə məruz qalan yaşayış yerlərində əhali praktiki olaraq karantin şəraitinə əməl edə bilmir. Koronavirus infeksiyasına yoluxma ilə bağlı rəqəmlər çoxala da bilər. Ümumiyyətlə psixoloji cəhətdən biz bir az daha səfərbər olduq. Psixoloji səfərbərlik karantin vaxtı başlandı.
- İndi cəmiyyətin psixoloji durmunu pozitiv və ya neqativ qiymətləndirmək olar?
- İkisi də var. Sözsüz ki, eşidəndə hansısa torpaqlar azad olundu, hansısa şəhərlər azad olundu, biz pozitiv emosiya keçiririk. Səhəri gün hansısa şəhərə (Bərdə, Gəncə) raket zərbəsi endirildiyini eşidəndə neqativ emosiya yaranır. Bilirsiniz, İkinci Dünya Müharibəsindən sonra yaranmış “Qələbə Günü” adlı Sovet mahnısı var idi. Göz yaşları ilə qələbə günü. Biz hazırda faktiki o vəziyyətdə yaşayırıq. Biz göz yaşımızı tökə-tökə qələbəni gözləyirik, çünki şəhidlər də veririk.
- Təbii ki, həm müharibə, həm də koronavirus amili həyəcan, təşviş, qorxu deməkdir. Bu mühitdə cəmiyyətin psixoloji durumunu həyəcan təsirindən xilas etmək üçün nə edilməlidir?
- Birinci, müharibə və koronavirus bütün cəmiyyətdə həyəcan, qorxu yaratmayıb. Yadımıza salaq ki, hətta dünyada COVİD dissident hərəkatı yaranıb.COVİD- i tanımırıq! COVİD-dən qorxmuruq! Və COVİD nəinki həyəcan, təşviş, əksinə bəzilərində aqressiya, inamsızlıq yaradıb. Həmçinin də cəmiyyət bu müharibəni çoxdan gözləyir. Azərbaycan xalqı 26 ildir bu müharibəni gözləyir. Ona görə, kütlə psixologiyasında təşvişə, həyəcana hələ rast gəlmirik. Sözsüz ki, şəhid vermiş, yaralısı olan ailələrdə indi əhval-ruhiyyə aşağıdır. Sözsüz ki, onlar dərd içindədir, əsəbilik keçirirlər. Amma, ümumi cəmiyyətdən danışanda biz hələ yüksək əhval-ruhiyyəsindəyik. Cəmiyyət emosiaonal, vətənpərvərlik ruh yüksəkliyindədir. Amma, başa düşməliyik ki, hər bir cəmiyyət uzun müddət emosional ruh yüksəkliyi ilə yaşaya bilməz. Gec-tez bundan yorula bilər, tükənə bilərik. Deməli, o barədə düşünməliyik, hansısa tədbirlər görməliyik. Amma, ordu irəli getdiyinə görə, ruh yüksəkliyi hələ qalacaq.