"Azərbaycanın tərkibində gələcək “ermənilərsiz Arsax” deməkdir" - Zöhrab Mnatsakanyan

"Azərbaycanın tərkibində gələcək “ermənilərsiz Arsax” deməkdir" - Zöhrab Mnatsakanyan
6 Noyabr 2020
Mətni dəyiş

Erməni ziyalılarının təxminən yetmişə yaxın nümayəndəsi baş nazir Nikol Paşinyana və Ermənistan xalqına müraciət edərək, “bütün fikir ayrılıqlarından əl çəkməyə və erməni xalqının qələbəsinə nail olmaq üçün addımlar atmağa” çağırıb.

Onlar konkret təkliflər səsləndiriblər:  “Ermənistan qanunvericiliyi ilə nəzərdə tutulmuş və dəqiq səlahiyyətlərə malik xüsusi hərbi-siyasi orqanın yaradılması daxil olmaqla, bütün mümkün qərarları müzakirə etmək”, - “Qraparak”  qəzeti (Yerevan)  bildirib.

Bu, baş nazirə ikinci müraciətdir. Belə ki,  təxminən 10 gün öncə 16 parlamentdənkənar partiya Ermənistanın xilası üçün hərbi-siyasi qərargahın yaradılması təklifilə çıxış etmişdi. O zaman bu təklif hökumət tərəfdən cavabsız qaldı.

Sonra Daşnaksütyun Partiyası ziyalıların nümayəndələri ilə görüş təşəbbüsü ilə çıxış edib. Bundan sonra müraciətin mətni yekdilliklə tərtib edilib və müraciətə qoşulmaq təklifilə digər partiyalara göndərilib.

Öz növbəsində Ermənistan hökuməti Qarabağda fəlakətli vəziyyətdən çıxmaq üçün təcili tədbirlər hazırladığını bildirib. Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan bu gün parlamentdə deyib ki, ən qısa zamanda Ermənistan beynəlxalq terrorizmə (Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda müharibə erməni siyasi leksikasında beynəlxalq terrorizm adlanır) qarşı mübarizənin konkret nəticələrini təqdim edəcək.

“Beynəlxalq terrorizmlə mübarizə bizim prioritet istiqamətlərimizdən biridir. İkitərəfli və beynəlxalq formatda işlərin koordinasiyası aparılır. Dialoq sistemi qurulub və çox tezliklə görülən işlər barədə daha konkret məlumat vermək mümkün olacaq”, - Mnatsakanyan bildirib.

Nazir faktiki olaraq Azərbaycanla münaqişənin sülh yolu ilə həllini istisna edib: “Bugünkü vəziyyət bu prioriteti daha çox vurğulayır, məhz bunu ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində heç bir gələcəyi yoxdur, olmayıb və olmayacaq. Azərbaycanın tərkibində gələcək “ermənilərsiz Arsax” deməkdir. Bu, olmayacaq”, - Mnatsakanyan deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun