Birinci Qarabağ müharibəsi veteranı, Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov vəfat edib.
O, yol qəzasında aldığı xəsarətlərdən vəfat edib.
Belə ki, M.Həsənov noyabrın 9-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində yol qəzasına düşüb. Ağır xəsarət alan Milli Qəhrəman əvvəlcə Goranboy rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncə şəhər Beynəlxalq Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Lakin vəziyyəti ağır olduğuna görə onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Məhəmməd Həsənov 9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulub. 1966-1976-cı illərdə buradakı 3 saylı məktəbdə təhsil alıb.
1977-1979-cu illərdə hərbi xidmətdə olub. Sonra isə Kiyev şəhərinə gedib. 1980-ci ildə Kiyev Radioelektronika Texnikumuna daxil olub. 1984-cü ildə buradakı "Kommunist" zavoduna işə qəbul edilib. 1987-ci ildə Vətənə qayıdıb və təhsil aldığı 3 saylı məktəbdə hərbidən dərs deyib.
Ermənilər torpaqlarımıza hücum edəndə o, könüllülərdən ibarət dəstəyə komandir təyin olunub. M.Həsənovun döyüş yolu Mənəşli, Erkəç, Qaraçinar, Talış kəndlərindən keçib. Məhəmməd Həsənov batalyon komandiri və döyüşçü kimi Goranboy rayonunun Ağcakənd bölgəsinin və keçmiş Ağdərə rayonunun erməni işğalçılarından azad olunmasında böyük rol oynayıb. 1992-ci il könüllü batalyonlar ləğv edildikdən sonra M.Həsənov "N" saylı hərbi hissədə xidmətini davam etdirib. O, polkovnik-leytenant rütbəsinəcən yüksəlib. Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. 2002-ci ildən Goranboy rayonunun Veyisli kənd orta məktəbində işləyib. Son vaxtlar təhsil aldığı 3 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışırdı.
Ailəlidir, dörd övladı var.