Dünən, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib.
Seçkilərin nəticəsi, hələlik, bəlli deyil. Mübarizə Respublikaçılar Partiyasını təmsil edən, hazırkı prezident Donald Tramp və Demokratlar Partiyasından namizəd Co Bayden arasında gedir.
Bəs bu seçkilərin nəticələri Azərbaycanın yerləşdiyi regiona, orada demokratiya, insan haqları məsələlərinə və ən nəhayət, Dağlıq Qarabağ münaqişəsinə necə təsir edə bilər?
Politoloq Hikmət Hacızadə AzadlıqRadiosuna bildirib ki, artıq ümumi Amerika elitasında özünütəcrid düşüncəsi formalaşıb:
"Dünya öz işi ilə məşğul olsun, biz də öz işimizlə"
"Bunun da mənası budur ki, "dünya öz işi ilə məşğul olsun, biz də öz işimizlə", bu gün üçün Amerikaya lazım olmayan münaqişələrə müdaxilə olunmasın. Belə bir ümumi fikir var. Buna səbəb kimi həm də ABŞ-ın böyüməkdə olan dövlət borcu da göstərilir".
H.Hacızadə deyir ki, seçkilərin nəticələrindən böyük dəyişikliklər gözləmir. İnsan haqlarına gəlincə, politoloq bunu "təzadlı məsələ" adlandırır. O qeyd edir ki, adətən, ABŞ-da demokratlar insan haqları barədə çox danışırlar, bəyanatlar verirlər, amma əməldə heç nə etmirlər.
"Az danışır, amma..."
Onun fikrincə, demokratlardan fərqli olaraq respublikaçılar bu barədə az danışır, amma diktaturalara ciddi zərbələr vururlar: "SSRİ-nin dağılması, bu ittifaqın tərkibində olan respublikaların və Şərqi Avropa ölkələrinin azad olması məhz respublikaçıların hakimiyyəti dövrünə təsadüf etdi".
Qarabağ və ətraf ərazilərdə sentyabrın 27-dən başlayan əməliyyatlara gəlincə, politoloq vurğulayır ki, bura ABŞ tərəfindən hər hansı müdaxilə, yaxud sanksiya gözlənilmir. Onun fikrincə, bu, ancaq o halda baş verə bilər ki, hər iki tərəf mülki əhaliyə münasibətdə kütləvi qırğınlar törətmiş olsun: "İndiki halda bu yoxdur, Azərbaycan özünü təmkinlə aparır".
Politoloq Nəsimi Məmmədli də ABŞ-da seçkilərin nəticələrinin istər Qarabağ probleminin həllində, istərsə də insan hüquq və azadlıqları sahəsində ciddi rol oynayacağını güman etmir:
"Güman etmirəm ki, ABŞ siyasətində hansısa dəyişikliklər baş versin"
"10-15 il öncə belə məsələlər daha aktual idisə, indi xeyli dərəcədə arxa plana keçib. Xüsusilə Qafqaz regionu ilə bağlı güman etmirəm ki, ABŞ siyasətində hansısa dəyişikliklər baş versin".
Onun fikrincə, ABŞ-ın Cənubi Qafqazla bağlı siyasətində yeni prioritetlər yoxdur və yaxın dövr üçün də gözlənilmir.
Deputat Sabir Rüstəmxanlı da mövzu ilə bağlı "Turan" agentliyinə bildirib ki, dövlət olaraq ABŞ-ın siyasəti hakimiyyətə kimlərin gəlməsi ilə müəyyən edilmir. O, kimin seçilməsindən asılı olmayaraq siyasətdə hansısa kəskin dəyişiklik olacağını gözləmir.
Deputat deyir ki, D.Tramp hakimiyyəti diqqəti daha çox ölkənin daxili siyasətinə cəmlədi, "daha yaxşı həyat şəraiti" əsas devizi olub.
S.Rüstəmxanlı hesab edir ki, əksinə, demokratlar demokratik dəyərlər adı altında daha çox dünyadakı proseslərə müdaxilə etmək istəyirlər: "Belə bir mövqe dünyaya da, ABŞ-a da sərf etmir".
Deputatın vurğulamasına görə, D.Tramp Qarabağ məsələsində neytrallığı qoruyurdu, C.Bayden də seçiləcəyi halda buna əməl etməlidir.
Xatırlatma
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin başladığı bildirilir.
Azərbaycan açıqlayıb ki, son bir ayda 180-dən çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.
Oktyabrın 1-də ATƏT-in Minski qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.