Azərbaycan müxalifəti Putinin müsahibəsi barədə

Azərbaycan müxalifəti Putinin müsahibəsi barədə
19 Noyabr 2020
Mətni dəyiş

Respublikaçı Alternativ-ReAL  Partiyasının sədri İlqar Məmmədov hesab edir ki, hazırki həssas məqamda Rusiya prezidentinin müsahibəsində ifadə olunan münasibətlərin dərinliyinə getməyin faydası olmaya bilər.

“Rusiya prezidentinin dedikləri ərazidə 1 dekabr daxil olmaqla nələrin baş verəcəyi kontekstində qiymətləndirilə bilər. Yəni, sadəcə, sözlərə qiymət vermək düzgün olmaz. Ona görə bu ərazidə, yəni Ağdam, Laçın, Kəlbəcərdə 1 dekabra qədər baş verənlərin tamamlanmasını görəndən sonra biz onun sözlərinə qiymət verə bilərik. Mən bütövlükdə belə düşünürəm. Bunun da səbəbi odur ki, bu saat danışıqların, münasibətlərin ən həssas məqamıdır. Hər bir söz bu danışıqlara mənfi təsir göstərə bilər və  ya kontekstdən çıxarıla bilər. Qrafik var, Ağdam, Kəlbəcər, Laçın. Bunlar baş verəndən sonra biz Putinin dediklərinə ətraflı münasibət bildirə bilərik”,- o qeyd edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, Vladimir Putin müsahibəsində bəzi həqiqətləri dilə gətirib və Azərbaycan Ordusunun qələbəsindən danışıb.

“Ancaq Rusiyanın bu münaqişədə rolu ilə bağlı dedikləri bir qədər həqiqəti əks etdirmədi. Müharibə Rusiya sülhməramlılarının müdaxiləsi ilə deyil, Ermənistanın müharibəni davam etdirə  bilməməsi səbəbindən dayandırıldı. Ermənistan Ordusu darmadağın edilmişdi. Başqa məsələ, Dağlıq Qarabağdakı erməni əhalisi ilə bağlı onun narahatlığı ilə əlaqədardır. Əslində hazırda Dağlıq Qarabağdan kənarda otuz minədək, o cümlədən Bakıda on mindən çox erməni millətindən olan Azərbaycan vətəndaşları yaşayır. Onların hər hansı təhlükəsizlik problemi yoxdur. Azərbaycan bütün ərazisində, o cümlədən Yuxarı Qarabağda yaşayan xalqların, həmçinin ermənilərin təhlükəsizliyini və vicdan azadlığını təmin etməyə qadir bir dövlətdir. Bunun üçün Azərbaycanın hər hansı bir dövlətin dəstəyinə, xüsusilə hərbi dəstəyinə ehtiyacı yoxdur”.

Müsavat başqanı hesab edir ki, Rusiya prezidenti Dağlıq Qarabağın statusu məsələsindən dövlətinin Qafqazda mövcudluğunu möhkəmləndirmək üçün istifadə edir. “Əslində, Dağlqı Qarabağda və ölkənin bütün ərazisində yaşayan insanların statusu bəllidir, Azərbaycan vətəndaşlarıdır”, -Müsavat başqanı qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun