Azərbaycanın Baş Prokurorluğu İsveçrənin səlahiyyətli orqanlarına müraciət edərək bu ölkə vətəndaşı tərəfindən Zəngilan rayonunun Vejnəli kəndi işğal altında olduğu müddətdə qızıl yatağının qanunsuz işlənməsi üzrə cinayət işinin araşdırılması üçün beynəlxalq hüquqi yardım göstərilməsini xahiş edib.
İşğal olunmuş Laçın, Kəlbəcər və digər rayonların ərazilərində erməni əslli xarici vətəndaşların ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində 2015 və 2018-ci illərdə Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə (dövlət sərhədini qanunsuz keçmə) cinayət işləri başlanmışdı.
Müəyyən edilmişdi ki, Zəngilan rayonu Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrədə rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan “Base Metals” QSC 2009-2017-ci illərdə cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib.
Qeyd edilən cinayət faktları ilə əlaqədar “Vallex Group” şirkətlər qrupunun maliyyə investoru, İsveçrə vətəndaşı Vartan Sirmakes və rəhbəri Valeriy Mejlumyan, o cümlədən həmin şirkətlər qrupuna daxil olan “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan CM-in qeyd olunan ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində məhkəmənin müvafiq qərarları ilə qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib.
Həmin cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş ziyanın məbləğinin dəqiqləşdirilməsi və digər istintaq üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə 30 oktyabr 2020-ci il tarixində işğaldan azad olunmuş Vejnəli kəndində yerləşən uzun illər ərzində istismara məruz qalmış qızıl yataqlarının yerləşdiyi əraziyə hadisə yerinə baxış da daxil olmaqla digər zəruri istintaq hərəkətləri həyata keçirilir.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş və artıq işğaldan azad edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin milli və beynəlxalq qanunvericilik əsasında məsuliyyətə cəlb olunmaqla sanksiyaların tətbiq edilməsi məqsədilə beynəlxalq hüquq normaları çərçivəsində bütün mümkün olan tədbirlərin görülməsi təmin ediləcək, - məlumatda bildirilir.