Avropa Parlamenti Türkiyəyə qarşı qətnamə qəbul edib

Avropa Parlamenti Türkiyəyə qarşı qətnamə qəbul edib
27 Noyabr 2020
Mətni dəyiş

Avropa Parlamenti Avropa İttifaqına üzv ölkələri Türkiyənin Aralıq dənizindəki davarnışına görə Ankara qarşı sərt sanksiyalara çağıran qətnamə qəbul edib.

Avropa Parlamentinin saytında dərc olunmuş xəbərdə deyilir ki, qətnaməyə səsvermə moyabrın 26-da parlamentin plenar iclasında keçirilib.

Sənədin leyhinə 631, əleyhinə isə 3 deputat səs verib.

Qətnamədə deyilir ki, Avropa İttifaqı üzvləri Türkiyənin qanunsuz hərəkətlərinə münasibətdə vahid xətt tutmalıdırlar.

Sənəddə qeyd olunur ki, Türkiyənin Kiprin işğal edilmiş hissəsində Varoşa kurortunu açması Kipr probleminin çözümünə ciddi maneə yaradır:

“Avropa Parlamentinin deputatları Türkiyəni Varoşanı 1984-cü il 550 nömrəli BMT qətnaməsinə uyğun olaraq onun qanuni sakinlərinə verilməsinə və qanunsuz məskunlaşdırma yolu ilə adadakı demoqrafik balansı dəyişdirən bütün hərəkətlərdən çəkinməyə çağırırlar”.

Qətnamədə bu da xatırladılır ki, Ankaranın Aralıq dənizində, Liviya və Suriyadakı hərəkətlərinə və Dağlıq Qarabağ münaqişəsində “Azərbaycana göstərdiyi birbaşa dəstəyə” görə Türkiyə və Avropa İttifaqı arasında münasibətlər tarixən ən aşağı həddinə enib.

Avropa İttifaqı və Türkiyə arasındakı münasibətlər Avropa İttifaqı liderlərinin 10-11 dekabrda keçiriləcək sammitində diqqət mərkəzində olacaq.

Fransa, Yunanıstan və Kipr başda olmaqla bəzi Aİ üzvləri Türkiyə üzərinə sanksiyaların qoyulmasına çalışırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun