Avropa Məhkəməsi Seymur Həzi və digərlərin işi üzrə qərarını açıqlayıb

Avropa Məhkəməsi Seymur Həzi və digərlərin işi üzrə qərarını açıqlayıb
6 Noyabr 2020
Mətni dəyiş

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, siyasi təhlilçi Seymur Həzi və digər 4 nəfərin işi üzrə qərarını elan edib.

Məhkəmənin qərarına görə, ərizəçilər Seymur Həzi, Məğrub Bədəlli, Abdulla Yolbarsoy, Məmməd Əzizov və Murad Ədilovun Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin prosedural əsası üzrə hüquqlarının pozuntusu tanınıb.

Seymur Həzi və Məmməd Əzizovun vəkili olmuş Fariz Namazlı deyir ki, ərizəçilər ayrı-ayrı vaxtlarda şikayət versə də, məhkəmə o şikayətləri birləşdirib bir qərar altında elan edib.

Belə ki, Avropa Məhkəməsinin qərarında qeyd edilib ki, AXCP sədrinin müavini, siyasi təhlilçi Seymur Həzi 2010-ci il mayın 15-də müxalifətin aksiyasında həbs olunub. O,15 gün inzibati həbsdə qalıb.

Həbsdə olduğu müddətdə işgəncəyə məruz qalıb. Seymur Həzi həbsdən çıxandan sonra mətbuata açıqlamasında işgəncələrdən danışıb. Yerli orqanlar onun işini araşdırmayaraq, cinayət işinin başladılmasını rədd edib.

Seymur Həzi Amerikanın Səsinə Avropa Məhkəməsinin qərarını şərh edib.

“Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu ildə baş vermiş hadisəyə görə bu yaxınlarda çıxardığı qərar təbii ki, Azərbaycan məhkəmə sistemindəki ədalətsizliyi ortaya qoydu və bu gün araşdırılmayan işlərə daha bir sübut əlavə elədi. Mən Azərbaycan məhkəmələrində ədaləti bərpa eləyə bilımədim. Ona görə də Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdim. Nəticə də göz qabağındadır. Düşünürəm ki, bu cür işlər Azərbaycanda məhkəmə-hüquq sistemində təcili islahatların başlanılması üçün bir siqnal olmalıdır və bundan düzgün nəticə çıxarmaq lazımdır," o bildirib.

N!DA Vətəndaş Hərəkatının keçmiş üzvü Məmməd Əzizov 2013-cü ilin mart ayında həbs olunub və həbsxanada ona da işgəncə verildiyi bildirilib.

Beələklilə, Avropa Məhkləməsi Seymur Həzi, Məğrub Bədəlli, Abdulla Yolbarsoy, Məmməd Əzizov və Murad Ədilovun ayrı-ayrı vaxtlarda işgəncəyə məruz qalmasına dair şikayətləri üzrə hesab edib ki, Abdulla Yolbarsoy və Murad Ədilov Konvensiyanın 3-cü maddəsinin substantiv əsasları üzrə, bütün ərizəçilərin həmin maddənin prosedural əsası üzrə hüquqları, Məğrub Bədəlliyə münasibətdə Konvensiyanın 5.1-ci maddəsi pozulub.

Məhkəmə mənəvi zərərə görə Abdulla Yolbarsoy və Murad Ədilova 12 000 avro, Məğrub Bədəlliyə 9 750 avro, Seymur Həzi və Məmməd Əzizova 7 500 avro, məhkəmə xərclərinə görə Seymur Həziyə 3 000, digərlərinə 2 000 avro ödənilməsini müəyyən edib. Ərizəçilərdən ikisinin (Seymur Həzi və Məmməd Əzizov) vəkili Fariz Namazlı olub. Seymur Həzinin müdafiəsində həm də Rəşid Hacılı iştirak edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun