Avropa İttifaqı tənzimləyiciləri Amazon şirkətinə qarşı antiinhisarçılıq ittihamları irəli sürərək, elektron ticarət nəhəngini platformadan istifadə edən satıcılar qarşısında ədalətsiz şəkildə üstünlük qazanmaq üçün məlumat bazasından istifadə etməkdə günahlandırıb.
Antiinhisar qanunvericiliyinə nəzarəti həyata keçirən Aİ-nin icraçı komissiyası çərşənbə axşamı ittihamların şirkətə göndərildiyini bildirib.
Komissiya bildirib ki, şirkətin Aİ-də ən böyük iki bazarı olan Fransa və Almaniyada elektron ticarət xidmətləri üçün “adi rəqabət risklərindən yayınmaq və üstünlüklərindən istifadə etmək”dən ötrü Amazon-nun qapalı kommersiya məlumatlarından sistematik şəkildə istifadə etməsi ilə razı deyil.
Aİ 2018-ci ildə Amazon şirkətini araşdırmağa başlayaraq onun bazar və pərakəndə satıcı kimi ikili roluna diqqət yetirib.
ABŞ şirkəti öz məhsullarını satmaqla yanaşı, üçüncü tərəf pərakəndə satıcılara öz saytı vasitəsilə mallarını satmağa icazə verir. Ötən il dünya miqyasında Amazon-da satılan malların yarıdan çoxu bu kənar ticarətçilərin payına düşüb.
Aİ-nin rəqabət işləri üzrə komissarı və eyni zamanda, icraçı vitse-prezident Marqret Vestager deyib ki, Amazon şirkətinin uğurlu biznes qurması problem deyil, ancaq "narahatlığımız əsl rəqabəti təhrif edən konkret işgüzar davranışla bağlıdır".
Amazon dünya boyu milyardlarla dollar təşkil edə biləcək illik gəlirinin 10%-i qədər cərimə ilə üzləşə bilər. Şirkət ittihamları rədd edib.
"Avropa Komissiyasının ilkin iddiaları ilə razılaşmırıq və faktların dəqiq anlaşılması üçün hər cür səy göstərməyə davam edəcəyik", şirkətin açıqlamasında deyilir.
Şirkət Aİ qaydalarına əsasən ittihamlara yazılı cavab verə bilər və mövqeyini məhkəmə dinləməsində təqdim edə bilər.
Vestager Amazon-un öz məhsullarına və logistika və çatdırılma xidmətlərindən istifadə edən üçüncü tərəf satıcılarına üstünlük verib-verməməsi ilə bağlı ikinci bir araşdırma da başladıb.