Aqil Abbas: "Ağdamda Əbülfəz Elçibəy kimi bəy havası oynadım"

Aqil Abbas: "Ağdamda Əbülfəz Elçibəy kimi bəy havası oynadım"
30 Noyabr 2020
Mətni dəyiş

Milli məclisin deputatı Aqil Abbas işğaldan azad edilən Ağdamda olub. Millət vəkili işğaldan azad olunmuş ərazilərə diplomatik korpusun əməkdaşları və ictimayət nümayəndələri ilə birlikdə gedib. Aqil Abbas report.az-a müsaahibəsində 27 il sonra Ağdamdakı evlərinə, oxuduğu məktəbə getməsindən və Ağdam səfərində baş verən bir çox şeydən danışıb. Müsahibəni təqdim edirik:

- Ötən həftə erməni işğlaından tamamilə azad olunmuş Ağdama səfər edənlər arasında siz də var idiniz. Əvvəlcə, təəssüratlarınızı bilmək maraqlı olardı...

- 27 ildən sonra ilk dəfə Ağdama ayaq basdıq. Mən Elbrus Abbasovla birlikdə diplomatik korpusun nümayəndələri və "Qarabağ" komandasından 3-4 saat tez getmişdim. Saat 11:30-da artıq Ağdamda idik. Digərləri isə protokola görə saat 14:00-da gəldilər. Evimizə, oxuduğum məktəbə getdim. Təbii ki, nə evimiz var, nə məktəb. Yalnız daş qalağı var idi. Kubikləri də aparıblar. Ağdamda 20 min ev var idi. Hamısını dağıdıblar, daşlarını isə daşıyıblar. Yalnız binaların özülü qalıb. Elə evlər var ki, özülü də qalmayıb. Adam bilməz ki, onun burada evi olub. Ağdam bax, belə idi. Yalnız məscid qalıb. Onu da nəzarət üçün saxlayıblar. Minarələrinə kameralar yerləşdiriblər. Şəhərin içində o qədər kamera var idi ki… Hətta minarəyə snayper də qoymuşdular. Çünki oradan bütün şəhər görünür, sanki ovucunun içindədir. Məscidin içində isə donuz saxlayıblar. Görünür, Ağdamda daha çox heyvan bəsləyiblər. Çünki setka çəkib, ərazini bölüşdürüblər. Özləri üçün 3-4 daxma da tikiblər. Orada yaşayırmışlar. İçində soba da var idi.

- Səfər zamanı Azərbaycanın milli qəhrəmanı, “Qarabağ” klubunun əfsanəvi kapitanı Allahverdi Bağırovun məzarı də ziyərət olundu...

- Ağdamda 3 şəhid qəbiristanlığı var idi. Onun birində də Allahverdi uyuyurdu. Həmin məzarlıqda bütün qəbirləri qazıb sümükləri aparıblar. Sümüklər onların nəyinə lazımdır, bilmirəm. Bəlkə də şərəfsizlər donuzlara yedirdiblər. Yalnız Allahverdi Bağırovun qəbri salamat idi. Orada bir qeyri-hökumət təşkilatı (QHT) var. Guya, qəbri həmin QHT qoruyub-saxlayıb. Bunu da pul almaq üçün edib. Ayrılan qrantı alandan sonra başdaşını aparıb Xankəndində ortalığa atıb təpikləyirdilər. Pulun xətrinə Allahverdinin məzarına toxunmayıblar. 5 yaşlı bir körpə qəbri var idi, onu da qazıb çıxarıblar.

- Səfərdə “Qarabağ” klubu da iştirak edirdi. Hətta komanda üzvləri “İmarət” stadionunda futbol oynadı. Videodan göründüyü qədər ermənilər oranı da xarabalığa çeviriblər. Canlı şahid kimi deyərdiniz: Stadionun vəziyyəti necə idi?

- Bəli, "Qarabağ" 15-20 dəqiqə simvolik olaraq, "İmarət"də futbol oynadı. Stadionu minadan təmizləmişdilər. Meydan öz yerindədir, amma tribunalar, ətrafındakı tikililərin hamısı dağıdılıb. Stadion hərbi məqsədlər üçün istifadə olunub. Oraya müxtəlif silah növləri yığıblar. Arenanın kənarında metal tullantıları var. Hər şeyi dağıdıblar, amma vaxtilə Pənahəli xanın tikdirdiyi İmamzadəyə toxunmayıblar. Pənahəli xanın qəbri də yerində idi. Amma İbrahimxəlil xanın, Mehdiqulu xanın qəbrini yerlə-yeksan ediblər. Natəvanın büstünü elə günə qoyublar ki, heç nə bilinmir. Amma biz yerini dəqiq bildiyimiz üçün tapdıq. Ümumiyyətlə, Qarabağ xanlarının qəbirlərinin baş daşı əvvəldən olmayıb. Onları sandıq qəbirlərdə dəfn ediblər. Ermənilər həmin sandıqları açıb, içində heyvan saxlayıblar. Biz həmin qəbirləri əvvəlkindən də yaxşı vəziyyətə gətirəcəyik.

- Siz özünüz də “Qarabağ”la birlikdə “İmarət”də futbol oynadınız?

- Hə, bir az oynadım. Mənim 67 yaşım var. Amma topa 1-2 təpik vurdum (gülür - E.S.). Prezidentin köməkçisi Hikmət Hacıyev də futbol oynadı. Keçmiş mədəniyyat teatrının qarşısında xalq artisti Mənsum İbrahimov oxudu. Onda ortaya girib qəşəng, sındıra-sındıra, Əbülfəz Elçibəy kimi bəy havasına oynadım.

- Sizcə, “Qarabağ” “İmarət” stadionunda oynaya bilər?

- Hələlik simvolik olaraq oynaya bilər. Ərazini minalardan, zir-zibildən təmizləmək yəqin ki, 4-5 il çəkəcək. Çünki Ağdamda dağıntıların miqyası çox böyükdür. İnanıram ki, rayonu yenidən quracağıq, stadion tikiləcək və “Qarabağ” gedib “İmarət”də oynayacaq. Desəm ki, bu, 1-2 ildən sonra baş verəcək, yalan olar.

- “Qarabağ”ln prezidenti Tahir Gözəl deyib ki, infastrukturumuz Bakıdadır, Ağdamda yalnız uşaq komandaları yarada bilərik...

- Ağdamda başqa komanda yaradıb adını da “Qarabağ” qoya bilərik. Orada Hikmət Hacıyev, digər rəsmi şəxslərlə klubun nümayəndələri arasında bu məsələ müzakirə olundu.

- Amma yəqin siz də razılaşarsınız ki, “Qarabağ”ın evi “İmarət”dir…

- Bütün Qarabağın paytaxtı Ağdamdır. “İmarət” də bizim üçün Məkkə qədər müqəddəsdir. Hələlik yalnız bunu deyə bilərəm.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun