Ağdam: məşhur çay evindən məscidinə qədər hər tərəfi tarix olan şəhər

Ağdam: məşhur çay evindən məscidinə qədər hər tərəfi tarix olan şəhər
20 Noyabr 2020
Mətni dəyiş

Ağdamın noyabrın 20-də Azərbaycana qaytarılacağı gözlənilir.

Bu barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin noyabrın 10-da imzaladığı bəyanatda deyilir.

1993-cü ildə iyulun 23-də Ağdam rayonu ərazisinin 800 kvadrat kilometrdən çox hissəsi, yəni ümumi ərazisinin 70 faizindən çoxu erməni silahlı qüvvələri tərəfindən işğal edilib.

Ağdam rayonunun 158 min əhalisi olub.

Tarixi

Ağdam rayonu 1930-cu ildə yaradılıb.

"Ağdam" sözü qədim "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər, Ağdam icra hakimiyyətinin saytında deyilir. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib.

XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada "Ağdam" - günəş şüaları ilə nurlanmış işıqlı,ağ ev deməkdir.

Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. mеmarlıq abidələri var.

Rayonun ərazisində 1950-ci illərdən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olub ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olublar.

Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib.

Arxeoloqlar Üzərliktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Cənubi Qafqazda ən zəngin abidələri olan yerlərdən biri olub.

Mədəniyyəti:

Rayonda 34 uşaq bağçası və körpələr evi, 89 ümumtəhsil məktəb, 4 fəhlə-gənclər; 1 qiyabi orta, 2 kəndli gənclər məktəbi, 4 orta ixtisas təhsili məktəbi var idi. Dram teatrı, ölkəşünaslıq muzeyi, 71 kitabxana, 13 mədəniyyət evi, 27 klub fəaliyyət göstərib.

Azərbaycanın Qarabağ regionunda mədəniyyətin inkişafını göstərən sadə tikinti materiallarının yeni formalı və bədii tərtibatları əvəz etdiyi müşahidə olunur. Belə materiallara bir çox rayonda, həmçinin, Qarabağ regionunun bir sıra rayonları (Bərdə, Füzuli, Xankəndi, Şuşa və s.) ilə bərabər Ağdamda aşkar edilmiş künclərində qoç başı təsvir olunmuş kapitel (sütun başlığı) və formalı daşlar aiddir.

Ağdamda imarətlər, Pənah xana və nəslinə aid türbələr tikilib. Ağdam bölgəsində Xaçın - Dərbəndli kəndi yaxınlığında 12 künclü türbə, Ağdam Cümə məscidi (1870), türbələr, Ağdamın Abdal-Gülablı kəndində hamam binası (XX əsrin əvvəlləri), Ağdamın Şahbulaq məscidi, həmçinin, Ağdam tarix diyarşünaslıq muzeyi Qurban Primovun xatirə muzeyi, Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi olub.

XX əsrin 70-ci illərində dünyada cəmisi bir neçə yerdə mövcud olan çörək muzeyindən biri də Ağdamda yaradılıb. Həmin muzeydə çörəyin istehsalı üçün lazım olan hər cür alət və avadanlıqlar toplanıb. Muzeydə uzaq əsrlərdən qalmış, daş yaddaşlara çevrilmiş daş alətlər çoxluq təşkil edirdi. Muzeyin Ermənistan hərbiçilərinin Ağdamı işğalı zamanı dağıdıldığı bildirilir.

İşğalı

1993-cü il iyulun 4-də erməni qüvvələri Ağdama zərbələr endirib, şəhərin əksər hissəsini məhv ediblər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olunub. 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub.

Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə 5897 nəfər şəhid, 3531 nəfər əlil olub, 1871 uşaq yetim qalıb. 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşüb.

Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.

29 iyul 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən erməni qüvvələrinin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul edib.

İkinci Qarabağ müharibəsində Ağdam

Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın Azərbaycana qaytarılması ilə bağlı xəbəri noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə danışarkən vermişdi.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatında Ağdam rayonunun noyabrın 20-dək Azərbaycana qaytarılacağı qeyd olunurdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun