Bir sıra həlledici ştatlada səslərin sayılması davam etdikcə ABŞ prezident seçkilərinin qalibi çərşənbə günü qeyri-müəyyən qalır. Qeyri-müəyyənliyə rəvac verən başlıca amillərdən biri koronavirus pandemiyası ilə əlaqədar çox sayda adamın poçtla səs verməsi olub.
ABŞ prezident seçkilərində səslərin sayılması davam etdikcə amerikalılar səbirsizliklə seçki nəticələrini gözləyirlər.
ABŞ Prezidenti Donald Tramp və onun Demokrat rəqibi Co Bayden səsvermənin taleyinin bir neçə ştatdakı nəticələrdən asılı olduğu bir məqamda qızğın rəqabət aparırlar.
Prezident Tramp və Demokrat namizəd Bayden Ağ Ev uğrunda mübarizədə kimin qalib olduğunu müəyyən edən Seçki Kollegiyasında səs çoxluğu əldə etmək üçün qələbə çalacaqlarını gözlədikləri ştatlarda qələbə qazanıblar.
Lakin ölkənin şərqində Corciya və Pensilvaniya, Orta Qərbdə Miçiqan və Viskonsin və Qərbdə Arizona və Nevada kimi ştatlarda seçki rəsmiləri çərşənbə axşamı və seçki gününə qədər bir neçə həftə ərzində verilmiş milyonlarla səsləri hesablamağa davam etdiyi vaxt seçki yarışlarının nəticələri hələ aydın deyil.
Çərşənbə günü səhər saatlarında Tramp Corciya və Pensilvaniya ştatlarında, Biden isə digər dörd ştatda liderlik edirdi, lakin yekun nəticələr qeyri-müəyyən olaraq qalır.
Əksəriyyəti demokrat icmalardan gələn poçtla verilmiş səsvermə bülletenləri sayıldığı üçün, Baydenin seçki kampaniyası "onun seçkilərdə qələbə yolunda" olduğunu bildirib.
Çərşənbə günü səhər saatlarında səslərin hesablanması davam etsə də, Tramp qələbə çaldığını iddia edərək, Ağ Evdə tərəfdarları qarşısına çıxıb. O, səsvermə məntəqələrinin bir neçə saat əvvəl bağlanmasına və ştat seçki rəsmilərinin bülletenləri saymağa davam etdirməsinə baxmayaraq, onun dediyi kimi, “səsvermə”ni dayandırmaq üçün Ali Məhkəməyə müraciət edəcəyini deyib.
Səsvermənin bitməsindən bir neçə saat sonra hər iki namizəd bəyanatlarla çıxış edərək tərəfdarlarına müraciət edib.
Ağ Evdə gecə saat 2:15 radələrində tərəfdarları qarşısında çıxış edən Donald Tramp bir sıra həlledici ştatlarda qələbə çaldığını elan edib və seçki prosesinin məhkəməyə sürüklənməsindən narazılığını ifadə edib.
“Bizə milyonlar və milyonlarla adam səs verib,” deyə Tramp “bir qrup adam”ı səslərin düzgün hesablanmasının qarşısını almaq cəhdində günahlandırıb.
“Biz böyük bir şənliyə hazırlaşırdıq. Biz hər şeyi udurduq. Və qəfildən o dayandırıldı,” Tramp bildirib.
“Sözün açığı, biz bu seçkiləri udmuşuq,” Tramp əlavə edib.
Prezident Trampdan bir qədər öncə çıxış edən prezidentliyə Demokrat namizəd Co Bayden isə öz növbəsində səsvermə ilə bağlı nikbinliyini ifadə edib.
“İnamınızı saxlayın, biz bunu udacağıq,” deyə Bayden Delaver ştatındakı Vilminqton şəhərində tərəfdarları qarşısında bəyan edib.
Rəqabətin qızğın keçdiyi bir sıra ştatlarda səs baxımdan Trampdan geridə qalan Bayden eyni zamanda xəbərdarlıq edib. “Biz səbrli olmalıyıq,” o bildirib.
Səslərin sayılmasının bəzi ştatlarda çərşənbə günü səhər saatlarınadək davam edəcəyi gözlənilir.
Əsas diqqət rəqabətin qızğın keçdiyi Pennsilvaniya, Corciya, Şimali Karolina, Miçiqan və Viskonsin ştatlarına yönəlib.