Bir çoxları ABŞ-da prezidentlik uğrunda yarışların qalibinin mediada qalibin elan edilməsindən və məğlub olan namizədin seçkilərdə məğlub olduğunu qəbul etdiyi barədə nitq söyləməsindən sonra müəyyən olduğunu güman edir. Lakin əslində prezident seçkilərində qalibin rəsmi olaraq elan edilməsi bir neçə ay davam edən və yanvar ayına qədər bitməyəcək bir prosesdir.
Bu proses amerikalıların seçki kollegiyasının üzvləri, onların prezidentə səs verməsi, daha sonra isə Konqresin qalibi elan etməsini əhatə edir.
“Seçki kollegiyasının üzvlərinin seçildiyi seçki günü, onların dekabr ayında bir araya gələrək prezidentə səs verəcəyi tarix, sonra isə yanvar ayında Konqresin bu seçkiləri təsdiqlədiyi bir tarix var” -deyə, Amerika Universitetinin Siyasət İnstitutunun icraçı direktoru Emi Deysi bildirir.
Seçki Kollegiyasındən əlavə prezident seçkilərinin qalibinin təsdiqlənməsi prosesində Senat, Nümayəndələr Palatası və Milli Arxiv də iştirak edir.
Bu proses seçicilərin layiqli bir lider seçəcəyinə etibar ediləcəyinə əmin olmayan Qurucu Atalar arasında kompromisin nəticəsidir.
"Bu, ilk növbədə vətəndaşlara bu qərarı verəcək qədər inam olmadığı üçün yaradıldı. Onlar Amerika xalqının birbaşa prezident və vitse-prezidentini seçməli olduğuna inanmırdılar, lakin eyni zamanda tam seçim səlahiyyətini Konqresə də vermək istəmirdilər", Emi Deysi deyir.
Seçki üzrə ekspertlər bu il COVID-19 pandemiyası və səsvermə bülletenlərini poçtla göndərən seçicilərin sayının artması səbəbindən bülletenlərin sayılmasının daha uzun vaxt aparacağını təxmin edirlər.
"Bunlar yerinə yetirilməli olan qanuni prosedurlardır. Seçki gecəsi nəticələri elan etmək daha çox qarışıqlıq və inamsızlıq yaradacaq və mümkündür ki, bir çoxları seçki gecəsi nəticələrin açıqlanacağını gözlədikləri üçün ştatları məhkəməyə verməyə başlayacaq. Beləliklə də bu, seçki rəsmiləri və ştatların prosesi şəffaf və ədalətli saxlamağa çalışdıqları zaman onların işini çətinləşdirəcək” - deyə, Missisippi Universitetinin Amerika Siyasəti kafedrasının dosenti Liya Merivaki bildirir.
50 ştat və Kolumbiya Mahalının qubernatorları şəxsən, poçtla və ya erkən səsvermə bülletenlərini saydıqdan sonra seçki kollegiyasının üzvlərinin siyahısını hazırlayır. Təsdiq Sertifikatı adı ilə tanınan bu siyahının surətləri ABŞ Milli Arxivinin rəhbərinə təqdim olunur.
Daha sonra seçki kollegiyasının üzvləri öz ştatlarının paytaxtlarında - Kolumbiya Mahalının nümayəndələri paytaxt Vaşinqtonda - bir araya gələrək, rəsmi olaraq prezident və vitse-prezidentə səs verir. Bu, dekabrın ikinci çərşənbəsindən sonra ilk bazar ertəsi günü baş verməlidir. Bu il həmin tarix dekabrın 14-nə təsadüf edir.