İngilis qəzeti The Guardian və Kaiser Health News-un birgə araşdırmasına görə, ABŞ-da təxminən 1400 səhiyyə işçisi COVID-19-dan ölüb. Araşdırmada ölən səhiyyə işçilərinin üçdə birinin tibb bacıları olduğu ifadə edilib.
Hesabatda deyilir ki, bir çox səhiyyə işçisi "xəstəlik, travma və hədsiz yorqunluqla mübarizə aparır."
Johns Hopkins Resurs Mərkəzinin verdiyi məlumata görə, dünyada 58 milyondan çox insan koronavirusa yoluxub.
12 milyondan çox xəstəliklə ABŞ dünyada liderliyini davam etdirir. 9 milyon infeksiya ilə Hindistan, 6 milyon yoluxma ilə Braziliya ABŞ-dan sonrakı yerləri saxlayır.
Virus 1,3 milyondan çox insanın həyatına son qoyub.
Koronavirus xəstəliyi sürətlə artsa da, son Ipsos sorğusuna görə, heç də hamı bu xəstəliyə qarşı vaksin vurdurmaq istəmir. Sorğuda iştirak edənlərin 73%-i vaksin vurdurmaq istədiyini bildirib. Yayda bu göstərici dörd pillə yuxarı idi.
Sorğuda iştirak edən 15 ölkədən 10-da “immunizasiya” istəyinin azaldığı aşkar edilib. Bu istəyin azaldığı daha çox Çin, Avstraliya, İspaniya və Braziliyada müşahidə edilib.
ABŞ-ın Ərzaq və Dərman Agentliyi (FDA) şənbə günü Prezident Donald Trampın ona koronavirusun səbəb olduğu xəstəlikdən sağalmasına kömək etdiyi dediyi COVID-19 antikor terapiyasının təcili istifadəsinə icazə verib.
FDA tərəfindən təsdiqlənmiş Regeneron Pharmaceuticals Inc. terapiyası monoklonal antikorlardan, casirivimab və imdevimabdan ibarətdir.
Bu terapiyadan bəzi xroniki xəstəlikləri olan 65 və daha yuxarı yaşları, daha ağır xəstəlik riski olan uşaqlar da daxil olmaqla, yetkinlərdə yüngül və orta dərəcədə COVID-19-un müalicəsi üçün istifadə ediləcək.
Şirkət yanvar ayının ilk həftəsinə qədər təxminən 200 000 xəstə üçün kifayət qədər müalicənin hazır olacağını gözləyir.
Pfizer Almaniyanın BioNTech əcazçılıq şirkəti ilə birlikdə üzərində işlədiyi peyvəndin 95% effektiv olduğunu sübut edən son sınaqların nəticəsini açıqladıqdan sonra ABŞ-ın Ərzaq və Dərman İdarəsinə müraciət edib.
Bu xəbərin ardınca Pfizer-in səhmlərində 1,6%, BioNTech -in səhmlərində isə 8% faiz artım qeydə alıb.
Müraciətdə həmçinin 12-15 yaş arası təxminən 100 uşaq haqqında təhlükəsizlik məlumatları da yer alır. Şirkət bildirir ki, ABŞ-dakı sınaqlarda iştirakçıların 45 faizi 56-85 yaş arasındadır.
Əgər sınaqların nəticələri doğrudursa "sözün əsl mənasında 95 faiz təsirli bir peyvəndin tətbiq olunmasına bir neçə həftə qalıb" - deyə, ABŞ-ın Səhiyyə naziri Aleks Azar CBS kanalının "Bu Səhər" verilişində deyib.
Şirkətlər dekabr ayının ortalarına qədər istifadə üçün icazə alınacağını və bundan sonra dərhal dozaların göndərilməsinə başlanacağını gözləndiyini bildirir.
Pfizer həmçinin bildirir ki, hazırda 25 milyon insanı qorumağa yetərli olan 50 milyon doza vaksin hazır vəziyyətdədir.
ABŞ-ın Ərzaq və Dərman İdarəsinin məsləhətləşmə komitəsinin 8-10 dekabr tarixlərində peyvəndlə bağlı məsləhətləşmə üçün görüş keçirəcəyi planlaşdırılır.
Son sınaqlar göstərir ki, peyvənd fərqli yaş və etnik qrupların üzvlərini eyni dərəcədə qoruyur.