ABŞ-da cümə axşamı işsizliyə görə təzminata müraciətlərin artdığı bildirilib. Son zamanlar sürətlə artan koronavirus halları dünyanın ən böyük iqtisadiyyatı olan bu ölkədə yeni təhlükə yaratmağa başlayıb.
Mövsüm dəyişiklikləri ilə əlaqədar ümumilikdə təzminat üçün 742 000 işsiz müraciət edib ki, bu, əvvəllki həftənin rəqəmindən 31 000 min nəfər çoxdur. Beşinci həftə idi ki, bu rəqəm 800 000-dən aşağı olsa da, 1960-cı illərdən bəri ilk dəfə pandemiya səbəbindən rekord səviyyədə qalmaqda davam edirdi.
Əmək Departamentinin bildirdiyinə görə, hazırda ümumilikdə 6.4 milyon insan işsiz qalıb. Bu da noyabr ayının ilk həftəsi 4.3% işsizlik deməkdir.
Aprel ayındakı 14,7% işsizlik nisbəti ilə müqayisədə bu rəqəm nəzərəçarpacaq dərəcədə azalmışdı. Lakin ABŞ-da hər gün azı 170 000 yeni koronavirusa yoluxma halı qeydə alındıqdan sonra ştat qubernatorları və bələdiyyə məmurları virusun yayılmasının qarşısını almaq üçün yenidən məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Yeni məhdudiyyətlər daha çox amerikalının işini itirməsinə səbəb olacaq. Belə ki, qarşıdan gələn həftələrdə pərakəndə satış mağazaları iş saatlarını azaldacaq, restoranlar, əyləncə və mədəniyyət mərkəzləri canlı şoularını ləğv edəcək. Qış fəslində ABŞ-dakı soyuq hava şəraiti toplantıların açıq havada mümkün olmaması deməkdir.
Səhiyyə rəsmiləri amerikalıları gələn həftənin cümə axşamı keçiriləcək Şükran bayramında evdə qalmağa çağırır. Adətən Şükran tətilində milyonlarla amerikalı qohumlarını ziyarət etmək üçün uzaq səfərlərə çıxır.